MƏDƏNİYYƏT
Stanford Universitetinin musiqi fakültəsində Azərbaycan musiqisi və mədəniyyəti kursu açılmışdır
Vaşinqton, 16 aprel (AZƏRTAC). Bu ilin aprel ayından etibarən Stanford Universitetinin musiqi fakültəsində Azərbaycan musiqisi və mədəniyyəti kursu açılmışdır.
Stanford Universiteti incəsənət və humanitar elmlər üzrə dünya universitetləri arasında ilk yeri tutur. “Odlar Yurdunun musiqisi” adlanan kurs Stanford Universitetinin tarixində Azərbaycan musiqisinin tədrisinə həsr olunmuş ilk kursdur.
Azərbaycan musiqisi və mədəniyyəti kursu mahir kamança ustası, hazırda San-Fransisko şəhərində yaşayan həmvətənimiz İmamyar Həsənov tərəfindən tədris edilir. Stanford Universitetinin məzunu, Azərbaycan mənşəli amerikalı Kristal Barqeleym isə kursun nəzəri aspektlərinin tədrisində İ.Həsənova yardım edir.
Kurs ərzində Stanford Universitetinin tələbələri Azərbaycanın zəngin musiqi mədəniyyətinin, xüsusilə muğamlarımızın həm praktik, həm də nəzəri aspektlərini mənimsəyəcək, kamança və digər musiqi alətlərində Azərbaycan mahnılarını ifa etməyi öyrənəcəklər.
Kursun sonunda tələbələrin nəzəri imtahan ilə yanaşı, yekun imtahan olaraq, universitetdə Azərbaycan musiqisinə həsr olunmuş geniş konsert proqramı ilə çıxış etmələri nəzərdə tutulmuşdur.
Yusif Babanlı
Vaşinqton