SİYASƏT
Strateji Araşdırmalar Mərkəzinin 2011-ci ildəki fəaliyyəti ötən illərlə müqayisədə çoxşaxəliliyi ilə fərqlənmişdir
Bakı, 26 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) 2011-ci ildə fəaliyyətinə dair hesabatını təqdim etmişdir.
SAM-dan AZƏRTAC-a bildirmişlər ki, mərkəz ötən il elmi-tədqiqat və elmi-təşkilati istiqamətlər üzrə çoxşaxəli fəaliyyət həyata keçirmişdir.
SAM ötən ildə daxili və xarici siyasət, iqtisadiyyat və qloballaşma sahələri üzrə elmi-tədqiqat layihələrini, analitik-informasiya fəaliyyətini reallaşdırmışdır.
Mərkəzin 2011-ci ildəki fəaliyyəti ötən illərlə müqayisədə istər tədqiqat, istərsə də təşkilatçılıq baxımından yeniliklərin tətbiqi və çoxşaxəliliyi ilə fərqlənmişdir. Cənubi Qafqazda ilk beynəlxalq akademik “Caucasus İnternational” jurnalının təsis və nəşr edilməsi, Türkiyə, Rusiya, İtaliya, Argentina, Yunanıstan və Polşanın aparıcı “beyin mərkəzləri” ilə əməkdaşlıq haqqında memorandumlar və sazişlər imzalanmış, xarici KİV təmsilçilərinin Azərbaycana səfərləri təşkil edilmişdir. Mərkəz milli müzakirələri, “dəyirmi masa”ları canlı Twitter konfransı formatında təşkil etmiş, dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü ilə əlaqədar ölkədə və xaricdə təhsil alan tələbələr arasında analitik məqalə müsabiqəsini keçirmişdir. Həmçinin respublikanın dinamik sosial-iqtisadi inkişaf göstəricilərini əyani əks etdirən multimedia vəsaitləri hazırlanmış, xarici “beyin mərkəzləri”nin nümayəndələri ilə birgə nəşrlər çap edilmişdir.
SAM-ın əməkdaşları tərəfindən elmi-tədqiqat fəaliyyəti istiqamətində “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində sosial psixoloji ölçülər”, “Ermənistanda 2011-ci ildə baş vermiş ictimai-siyasi proseslər və gələcək inkişafına dair mülahizələr”, “Azərbaycanda İslam”, “Azərbaycanda orta təbəqə: sosial, siyasi və iqtisadi aspektlər”, “20 il ərzində Rusiya-Azərbaycan münasibətləri: tarix və perspektivlər, “Azərbaycan-Türkiyə əlaqələri son 20 ildə”, “Azərbaycan - Avropa iddialı ölkə” və digər mövzularda tədqiqatlar aparılmışdır.
Mərkəzin fəaliyyətində prioritet istiqamətlərdən biri də Azərbaycanın sabit makroiqtisadi inkişafı, qlobal dünya iqtisadiyyatına inteqrasiyası, dövlətin enerji siyasətinin yeni strateji istiqamətləri, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı mövzularının araşdırılmasıdır. Bu istiqamətdə ilk dəfə olaraq rus və ingilis dillərində multimedia texnologiyaları əsasında ölkə təqdimatı hazırlanmışdır.
Ötən ildə mərkəz tərəfindən bir sıra beynəlxalq və respublika miqyaslı elmi-təşkilati tədbirlər də həyata keçirilmişdir. Bunların sırasında “Yaxın Şərqdə dəyişən güc balansı”, “Barak Obama Administrasiyası və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”, “Xəzər enerjisinin Avropa perspektivləri” və digər mövzularda təşkil edilmiş tədbirlər vardır.
Mərkəzin analitik-informasiya fəaliyyəti hesabat ilində xüsusi prioritet təşkil etmiş, çoxşaxəli mövzular əhatə edilməklə Azərbaycan, rus və ingilis dillərində daimi dərc olunan məqalə və araşdırmalar artıq ölkədə və xaricdə kifayət qədər tanınan dövri nəşrlərdə əksini tapmışdır.
Ötən ildə SAM tərəfindən ümumilikdə 20 elmi-tədqiqat layihəsi həyata keçirilmiş, əksəriyyəti xarici dildə olmaqla 182 elmi məqalə çap edilmiş, 108 hesabat və arayış hazırlanmış, mətbuatda və elektron mediada 38 müsahibə verilmişdir. Mərkəzin əməkdaşları hesabat dövründə müxtəlif beynəlxalq konfrans və tədbirlərdə əsas məruzəçi qismində iştirak etmişlər.