İQTİSADİYYAT
Strateji İnkişaf Planının həyata keçirilməsində Hesablama Palatasına kömək layihəsi çərçivəsində görüş keçirilib
Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-də Hesablama Palatası İsveçrə Konfederasiyası Hökumətinin qrantı hesabına maliyyələşdirilən və Dünya Bankının idarəçiliyi ilə həyata keçirilən “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq” Layihəsi (CAPSAP) çərçivəsində “Hesablama Palatasının 2012-2014-cü illər üzrə Strateji İnkişaf Planının həyata keçirilməsində Hesablama Palatasına kömək göstərmək üçün Məsləhətçi Xidmətləri” alt-komponenti üzrə yekun nəticələrə dair görüş keçirib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov layihənin məqsədləri və qurum üçün əhəmiyyətindən danışıb.
Palata sədrinin müavini Adil Məhərrəmov layihənin strukturu, tender proseduru, bu prosedur nəticəsində seçilmiş məsləhətçi şirkətlər, layihənin 4 komponentinin hər birinin həyata keçirilməsi üzrə görülmüş tədbirlər barədə məlumat verib.
Türkiyə Hesablama Məhkəməsi nümayəndə heyətinin üzvü Erol Akbulut, fəaliyyət auditi ilə bağlı potensialın yaradılması üzrə icraçı nümayəndəsi Ferdinand Pott, maliyyə auditi, qanunvericilik bazasının təkmilləşdirilməsi və insan resurslarının inkişafı ilə bağlı tədbirlər üzrə icraçı şirkətin nümayəndəsi Son Sviney, Dünya Bankının (DB) Azərbaycan üzrə ölkə meneceri Larisa Leşenko, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Olaf Haydelbax layihənin gedişindən, Hesablama Palatası ilə birgə əməkdaşlığın nəticələrindən və bunun qurumun gələcək fəaliyyətində rolundan danışıblar.
Layihənin komponent rəhbərləri xarici ölkələrin qabaqcıl təcrübəsini nəzərə almaqla auditin yeni növlərinin tətbiqi üzrə hazırlanmış metodoloji və normativ, həmçinin strateji sənədlər, risk əsaslı maliyyə auditi və fəaliyyət auditi üzrə keçirilmiş ilkin sınaq auditləri barədə görüş iştirakçılarına məlumat veriblər.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev həyata keçirilmiş bu beynəlxalq layihə nəticəsində əldə edilmiş təcrübənin Palatanın gələcək inkişafı üçün əhəmiyyətini qeyd ediblər.
Palatanın sədri V.Gülməmmədov layihənin nəticələrinin Hesablama Palatasının funksional fəaliyyətinin gücləndirilməsinə və həyata keçirilən audit tədbirlərinin keyfiyyətinin yüksəldilməsi işinə mühüm fayda verəcəyinə əminliyini ifadə edib.