“Şücaətə görə” medalı ilə təltif olunan Fərman Əsədlinin xatirəsi anılıb
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Ordusunun Aprel döyüşlərindəki qələbəsinin ikinci ildönümü ilə əlaqədar keçirilən silsilə hərbi-vətənpərvərlik tədbirləri davam edir.
AZƏRTAC xəbər verir ki, Gəncə qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə “Vətən uğrunda!” səyyar təşviqat dəstəsi və “N” saylı hərbi hissənin şəxsi heyəti könüllü olaraq Tərtər istiqamətində döyüş bölgəsinə gedən, yerli əhaliyə, əsgərlərə kömək edən, onlara əlindən gələni əsirgəməyən mülki şəxs, şəhid Fərman Əsədlinin xatirəsinin anma mərasimində iştirak edib.
Mərasim iştirakçıları Fərman Əsədlinin Gəncədəki evini ziyarət ediblər. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidin atası Elçin Əsədov Fərmanla bağlı xatirələrini bölüşüb.
Sonra yazıçı Gülnarə Sadıqın Fərman Əsədliyə həsr etdiyi “26 gün” romanı haqqında məlumat verilib.
Müəllif Fərman Əsədlinin 26 yaşında şəhid olduğunu qeyd edərək romanı rəmzi olaraq “26 gün” adlandırdığını deyib. Aprel döyüşlərinin tarixi əhəmiyyətini vurğulayan müəllif bu döyüşlərdə cəbhəboyu zonaya yollanan sadə insanların - mülki vətəndaşların Vətən sevgisini, ordu ilə həmrəyliyini diqqətə çatdırıb. Aprel döyüşləri xalqda elə bir ruh yaratmışdı ki, nəinki əsgərlər, hərbçilər, mülki şəxslər da cəbhəyə getmək üçün hazır olduqlarını bildirirdilər. Xalqın duyğularını ifadə edən Fərman Əsədli məhz belə bir düşüncənin sahibi idi.
Digər çıxış edənlər də vurğulayıblar ki, Vətən və dövlət qarşısında vətəndaşlıq borcunu qəhrəmanlıqla yerinə yetirdiyi üçün “Şücaətə görə” medalı ilə təltif olunan Fərman Əsədlinin davranışı gələcək nəsillərə nümunə olacaq.
Sonra Samux rayonunda şəhid Fərman Əsədlinin məzarı tədbir iştirakçıları tərəfindən ziyarət edilib, ruhuna dualar oxunub.