SİYASƏT
SÜLH KORPUSUNUN AZƏRBAYCANDA FƏALİYYƏTİ DAVAM EDİR
Sumqayıt, 10 dekabr (AZƏRTAC). H. Ərəblinski adına Sumqayıt Dövlət musiqi- dram teatrın zalında “PEASE CORPS” (Sülh korpusu) ABŞ humanitar təşkilatının yeddinci könüllülər qrupunun andiçmə mərasimi keçirilmişdir.
“PEASE CORPS” təşkilatının ölkəmizdəki direktoru Meredis Dalton mərasimi açaraq qurumun xeyirxah missiyasından danışmışdır. ABŞ Prezidenti Con Kennedinin 1961-ci ildə müstəqil agentlik kimi yaratdığı təşkilat bu gün ABŞ-ın maraq göstərdiyi ölkələrdə ingilis dilinin öyrənilməsinə, mütəxəssislərin hazırlanmasına kömək edir. “PEASE CORPS” təşkilatının 200 min könüllüsü bu mühüm missiyanı 139 ölkədə həyata keçirir. M.Dalton Sumqayıt İcra Hakimiyyətinə əməkdaşlığa görə və könüllüləri öz evlərində saxlayan ailələrə qonaqpərvərliyə görə təşəkkürünü bildirmişdir.
Mərasimdə çıxış edən ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donalt Lu, Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, İqtisadi İnkişaf, Gənclər və İdman, Təhsil nazirliklərinin nümayəndələri könüllülərə xeyir-dua vermişlər.
Bu ilin noyabrında Azərbaycana gəlmiş 64 könüllüdən ibarət qrup ənənəyə görə Sumqayıtın və Abşeron rayonunun qəsəbələrində uyğunlaşma dövrü keçmişlər. Bu dövr ərzində könüllülər Azərbaycan dilini və tarixini öyrənmişlər. Onlar Azərbaycan xalqının məişəti, milli adət və ənənələri, mədəniyyəti ilə tanış olmuşlar.
Könüllülər 20 il əvvəl təşkilatın üzvü olmuş Donalt Lu ilə birlikdə and içmişlər. ABŞ Konstitusiyasına sadiq qalacağını bildirdikdən sonra hər bir könüllüyə sertifikat verilmişdir.
Könüllülər onlara öz evlərində yer vermiş, qayğı ilə əhatə etmiş ailələrə təşəkkürlərini bildirmiş, öz missiyalarını vicdanla yerinə yetirəcəklərinə söz vermişlər. Onlar iki il ərzində respublikanın 29 rayonunda işləyəcəklər.
Azərbaycan hökumətinin dəvəti ilə “PEASE CORPS” təşkilatı 2003-cü il dekabrın 8-də ölkəmizdə üç proqram – icmaların iqtisadi inkişafı, gənclərin inkişafı, ingilis dilinin öyrənilməsi proqramları çərçivəsində uğurla fəaliyyət göstərir. Əvvəlki altı qrupun tərkibində 240 könüllü 44 rayonda öz missiyasını həyata keçirmişdir.
######