ELM VƏ TƏHSİL
Sumqayıt Dövlət Universitetinin internet şəbəkəsi Wi-Fi sisteminə qoşulmuşdur
Sumqayıt, 23 iyun (AZƏRTAC). Sumqayıt Dövlət Universitetinin (SDU) kitabxanasında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşəbbüsü ilə internet şəbəkəsinin nailiyyəti kimi təsdiqlənən Wİ-Fİ sisteminin təqdimat mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimi SDU-nun rektoru, professor Nadir Qəhrəmanov açaraq təhsilin inkişafında qeyri-hökumət təşkilatlarının rolundan və universitetdə quraşdırılan simsiz internet xətti olan Wi-Fi-nin geniş imkanlarından söhbət açmışdır.
Bildirilmişdir ki, sürətli interneti təmin etmək məqsədi ilə bu il SDU-da optik kabel çəkilmişdir. Bu sistemin quraşdırılması nəticəsində istifadəçilər qısa zaman kəsiyində internetlə səmərəli və sürətli əlaqə yarada bilirlər. Müasir dövrümüzün qabaqcıl texnologiyası hesab edilən simsiz internet şəbəkəsinin SDU-da tətbiq edilməsi universitetin həyatında mühüm hadisə kimi qiymətləndirilmişdir.
Təqdimat mərasimində USAID-in missiya direktoru Maykl Qrin çıxış edərək müasir informasiya cəmiyyətində internetin rolu barədə danışmışdır. Bildirmişdir ki, onun təmsil etdiyi təşkilat əsasən üç sahə - səhiyyə, iqtisadiyyat, demokratik idarəetmə üzrə müxtəlif layihələri həyata keçirir.
Mərasimdə “IREX” təşkilatının xarici ölkələr üzrə direktoru Angela Nikoura Azərbaycanda internetdən istifadənin genişlənməsindən söhbət açmışdır. O demişdir ki, “IREX” təşkilatı da internetdən istifadə kampaniyasını müvəffəqiyyətlə həyata keçirir. Bu kampaniya Azərbaycanın 19 regionunda reallaşdırılmışdır. Bu gün isə həmin layihə Sumqayıtda gerçəkləşdirilir. Azərbaycanda gənclərin elmi axtarışlara, xüsusilə internetə üstünlük verməsi çox sevindirici haldır.
Angela Nikoura diqqətə çatdırmışdır ki, “IREX” təşkilatının əsas layihələrindən biri internet köşkləri yaratmaq və onu pulsuz olaraq istifadəçilərin ixtiyarına verməkdir.