İQTİSADİYYAT
Sumqayıt şəhəri iqtisadi inkişafın əsas istiqamətlərindən biri olacaqdır
Bakı, 18 iyun (AZƏRTAC). “Böyük Bakı” layihəsi üzrə iqtisadi inkişafın əsas istiqamətlərindən biri də Sumqayıt şəhəridir.
Layihənin baş koordinatoru olan Bakı Dövlət Layihə İnstitutu bununla bağlı bir sıra təkliflər irəli sürmüşdür.
İnstitutun direktoru İlqar İsbatov AZƏRTAC-a bildirmişdir ki, H.Z.Tağıyev qəsəbəsi ətrafında sənaye qovşağının yaradılması və yeyinti sənayesinin inkişafının dəstəklənməsi həmin təkliflər sırasındadır.
Bundan əlavə, layihədə elektron sistemlərin yığılması və digər mülki təyinatlı məmulatların istehsalı üzrə müəssisələrin tikilməsi, cihazqayırma sənayesinin bərpası nəzərdə tutulmuşdur.
Təkliflər arasında yaxın gələcəkdə Sumqayıtda yüksək texnologiyaya malik sənaye parkları şəbəkəsinin genişləndirilməsi və bu çərçivədə Yüksək Texnologiyalar Universitetinin yaradılması da yer almışdır.
Layihəyə, həmçinin ziyanvericilərə qarşı dərmanların və heyvandarlıqda tətbiq olunan preparatların istehsalının təşkili, iri topdansatış şəbəkələrinin və logistika mərkəzlərinin yaradılması daxildir.