REGİONLAR
Sumqayıt universitetində yaz sessiyası şəffaf və işgüzar şəraitdə keçir
![](/files/galleryphoto/2019/2/1200x630/156144595132424141_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15614459515371663389_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15614459511593110212_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15614459515674225151_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15614459513660837544_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15614459514043512083_1200x630.jpg)
Sumqayıt, 25 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
İmtahanların və yekun dövlət attestasiyalarının şəffaf təşkilinin ictimaiyyət tərəfindən izlənilməsi və qiymətləndirilməsi məqsədilə Sumqayıt Dövlət Universitetinin (SDU) rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, KİV nümayəndələri və valideynlərin iştirakı ilə yaz semestrinin imtahan sessiyası çərçivəsində “Açıq qapı” günü təşkil edilib.
AZƏRTAC xəbər verir ki, SDU-nun humanitar məsələlər üzrə prorektoru, dosent Ramiz Hüseynov müşahidəçiləri imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər və imtahan proseduru barədə məlumatlandırıb. Bildirib ki, Təhsil nazirinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmrinə əsasən imtahanlar mövcud qaydalara uyğun təşkil edilir, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunur.
SDU-da semestr imtahanlarının yazılı şəkildə və mərkəzləşdirilmiş qaydada keçirildiyini deyən prorektor universitetdə Operativ Qərargah və “Qaynar xətt”in fəaliyyət göstərdiyini, tədris binalarında müraciət və təkliflər qutularının asıldığını bildirib. Qeyd edib ki, qiymətlərindən narazı qalan tələbələrin müraciətinə Apellyasiya Komissiyası baxır. Mübahisə doğuran məsələlər tələbələrin iştirakı ilə araşdırılır, qiymətləndirmədə şəffaflıq və operativlik təmin edilir. Yazılar şifrlənir, sonra yoxlanılır. Qiymətlər tələbələrə həmin gün elan edilir.
İmtahanların gedişini izləyən qonaqlar yaz imtahan sessiyasının qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin edildiyini müşahidə ediblər. Onlar imtahanların yüksək səviyyədə təşkilindən məmnun qalıblar.
Sonra müşahidəçilər “Sonlu avtomatlarla təchiz olunan çevik istehsal modulunun Petri şəbəkəsi ilə tətbiqinin model və alqoritmlərinin işlənməsi”, “Müasir dövrdə Azərbaycan Respublikasının gömrük siyasətinin təkmilləşdirilməsi problemləri və istiqamətləri”, “Hiperbolik və Parabolik tip xüsusi törəməli diferensial tənliklər üçün ümumiləşmiş həllin təyini” mövzularında dissertasiya işlərinin müdafiəsində iştirak ediblər. Eyni zamanda, dövlət imtahanlarının gedişi Mühəndislik, İqtisadiyyat və idarəetmə, Riyaziyyat, Tarix və coğrafiya fakültələrinin qruplarında izlənilib.
Hər bir iddiaçı elmi müzakirə şəraitində verilən sualları cavablandırıb, komissiyanın ümumi rəyi əsasında təqdim olunan dissertasiyalar müsbət qiymətləndirilib.
Tələbə və magistrantlar da təhsil aldıqları müddətdə universitetdə yaradılan sağlam tədris mühitinə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə, ali məktəbin professor-müəllim heyətinə dərin təşəkkürlərini bildiriblər.