ELM VƏ TƏHSİL
Sumqayıt universitetinin elmi şurasını yekun iclası keçirilmişdir
Sumqayıt, 11 iyul (AZƏRTAC). Sumqayıt Dövlət Universitetinin (SDU) elmi şurasının 2012-2013-cü tədris ili üzrə yekun iclası keçirilmişdir.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, SDU-nun rektoru, professor Nadir Qəhrəmanov elmi dərəcə və ad almış müəllimləri təbrik edərək onlara uğurlar arzulamışdır. O, universitetin illik fəaliyyəti və növbəti tədris ilinə hazırlıq haqqında geniş məlumat verərək, qarşıda duran vəzifələrdən danışmışdır.
Bildirilmişdir ki, cari ildə SDU-nun yaranmasının 50 illik yubileyi yüksək səviyyədə keçirilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə universitetin 20 müəllimi fəxri adlara və təltiflərə layiq görülmüşdür. Həmçinin universitetin digər əməkdaşları Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi”, fəxri fərmanı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanları ilə mükafatlandırılmışlar. Bir sıra əməkdaşlar isə rektorun əmri ilə pul mükafatına layiq görülmüşlər.
İl ərzində bu təhsil ocağından 4 nəfər elmlər doktoru, 9 nəfər fəlsəfə doktoru elmi dərəcələrini, 1 nəfər professor, 6 nəfər isə dosent elmi adlarını almışdır. Universitetdə beynəlxalq və respublika elmi konfransları keçirilmiş, çoxsaylı elmi məqalə və tezislər ölkə daxilində və xaricində çap və məruzə edilmişdir.
Yeni tədris ilində 4 yeni ixtisas üzrə bakalavr hazırlığına başlanılması ilə əlaqədar fənn proqramları və sillabuslar hazırlanaraq təsdiq edilmişdir. “Azərikimya” İstehasalat Birliyi və “Petkim Petrokimiya Holdinq” arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən, universitetin bir qrup tələbəsi Türkiyənin İzmir şəhərində “Petkim Holdinq”in zavodlarında istehsalat təcrübəsi keçəcəkdir.
Hesabat dövründə universitetin idman nailiyyətləri də çox ürəkaçan olmuş, tələbələr beynəlxalq və ölkədaxili yarışlarda qızıl və gümüş medallar qazanmışlar. Azərbaycan Respublikasının ali məktəbləri arasında 6 idman növü üzrə yarışlarda isə SDU-nun komandası birinci yeri tutmuşdur.