REGİONLAR
Sumqayıtda güllə atıcılığı üzrə çempionatın qalibləri mükafatlandırılıb
Sumqayıt, 4 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Paralimpiya İdman Kompleksində şəhərin 70 illik yubileyinə həsr edilmiş pnevmatik tapançadan güllə atıcılığı üzrə çempionat keçirilib.
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC–a bildirilib ki, çempionatda şəhərin ali, orta ixtisas, peşə liseyləri və gənclər təşkilatlarının, ümumilikdə, 8 komandası qalib adı uğrunda mübarizə aparıb.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt Musiqi Kollecinin komandası birinci olub. Üç nömrəli Peşə Liseyinin kollektivi yarışı ikinci, Sumqayıt Texniki Kollecinin tələbələri isə üçüncü yerdə başa vurublar.
Yarışın qalib və mükafatçıları Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman, medal, hədiyyə və kubok ilə təltif olunublar.