CƏMİYYƏT
Süni intellektlə feyk yaratmaq asanlaşıb - Xəbər agentliklərinin nümayəndələri Lissabonda müzakirələr aparıblar VİDEO
![](/files/galleryphoto/2024/2/1200x630/17165494523706159361_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17165494526086558219_1200x630.jpg)
Lissabon, 24 may, Elşən Şahbalayev, AZƏRTAC
Süni intellekt media sahəsində jurnalisti əvəz edə bilməz, yalnız ona dəstək ola bilər və insanın maşınlar üzərində üstünlüyü əsas məqamdır.
Avropa xəbər agentlikləri süni intellektin xəbər istehsalı və yayımında rolu ilə bağlı mövcud praktik və nəzəri bilikləri Avropa Xəbər Agentlikləri Alyansının (EANA) “Süni intellektin xəbər agentlikləri tərəfindən biznes və jurnalistika üçün istifadəsi” mövzusunda Lissabonda keçirilən konfransında müzakirə edib.
Portuqaliyanın Lusa agentliyi tərəfindən təşkil edilən tədbirdə AZƏRTAC da daxil olmaqla Avropa ölkələrinin milli xəbər agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Mütəxəssislər bildiriblər ki, şübhəsiz, generativ süni intellekt redaksiyalara bir sıra imkanlar yaradır. Yeni texnologiya media yaradıcılığında istifadə edilə bilər. Buna orijinal və innovativ formada mətnlərin hazırlanması, mətnlərdən foto və video yaradılması, fotolara şərhlərin verilməsi, nitqin mətnə çevrilməsi kimi sahələr aiddir. Bundan əlavə, süni intellekt iş prosesini daha səmərəli edə bilər, jurnalistləri gündəlik təkrarlanan fəaliyyətdən azad etməklə onlara yaradıcılıqla məşğul olmağa əlavə vaxt qazandırar. Belə ki, süni intellekt alqoritmləri tez bir zamanda böyük həcmdə məlumatları təhlil edə, xəbər mənbələrini və mövzu trendlərini müəyyənləşdirə bilər.
Eyni zamanda, generativ süni intellektin yaratdığı risklər də var. Feyk xəbərlər informasiya sahəsində daim narahatlıq yaradan problem olub. Lakin hazırda ilk dəfə olaraq onların hazırlanması üçün çox sadə üsul var ki, bu da süni intellekt alətləridir. Demək olar ki, bu alətlər hər kəs üçün əlçatandır. Hər hansı feyk informasiyanı yaratmaq üçün güclü kompüter biliklərinə də ehtiyac yoxdur. Lazımi nəticəni əldə etmək üçün açar sözlər və mətni daxil etmək kifayətdir ki, süni intellekt verilən məlumatlar əsasında foto və video hazırlasın.
Bundan əlavə, süni intellekt diskriminasiya, ictimai fikrin manipulyasiyası, şəffaflığın itməsi, mənbələrin etimadlılığı kimi təhdidlər də yaradır. Agentliklərin nümayəndələri bildirirlər ki, riskləri idarə etmək üçün daha çox tədqiqat layihələri həyata keçirilməli, insanlar bu texnologiyanın müsbət və mənfi tərəflərini daha aydın bilməli, mediada süni intellektdən istifadənin etik kodeksi yaradılmalıdır.
Agentliklər hesab edirlər ki, xəbər istehsalçıları olaraq süni intellektdən foto və video yaratmaq üçün istifadə etmək düzgün deyil. Jurnalistlər generativ süni intellektdən istifadə edərkən son nəticələri bir daha yoxlamalı, prosesə nəzarət etməlidirlər. Agentliklərin diqqət çəkdiyi məqamlardan biri də odur ki, süni intellekt müəllif hüquqlarının pozulmasına səbəb olmamalıdır.
Qeyd edək ki, EANA-ya üzv agentliklərin fotoları Fransada keçirilmiş CEPIC (Beynəlxalq Vizual Medianın Lisenziyalaşdırılması Assosiasiyası) Konqresi çərçivəsində “Süni intellekt dövrü - EANA-nın 32 ən yaxşı fotosu” sərgisində nümayiş olunub. Sərgidə AZƏRTAC-ın da fotosu yer alıb.