CƏMİYYƏT
Suraxanı rayonunda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü qəza törədib VİDEO
![](/files/galleryphoto/2022/1/1200x630/16456180773858012311_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/1/1200x630/16456180774116258660_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/1/1200x630/16456180775031153240_1200x630.jpeg)
Bakı, 23 fevral, AZƏRTAC
Suraxanı rayonunun Hövsan qəsəbəsində narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü yol-nəqliyyat hadisəsi törədib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxt sakini olan Anar İsmayılovun idarə etdiyi “Toyota” markalı avtomobil hərəkətdə olan zaman nəqliyyat vasitəsi yoldan çıxaraq qəzaya uğrayıb. Hadisə nəticəsində sürücü Anar İsmayılov yüngül dərəcəli xəsarətlər alıb.
Hadisədən sonra Suraxanı Rayon Polis İdarəsinin dövlət yol polisi şöbəsinin əməkdaşları tərəfindən tibbi müayinəyə aparılan sürücünün sükan arxasında narkotik vasitələrin təsiri altında olduğu sübuta yetirilib. O, ifadəsində taksi fəaliyyəti ilə məşğul olduğunu və avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyini bildirib.
A.İsmayılovun üzərinə baxış zamanı ondan şəxsi istifadə üçün əldə etdiyi heroin də aşkar edilib. Sürücü barəsində Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. A.İsmayılovun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.