ELM VƏ TƏHSİL
Suraxanı rayonunun məktəbləri yeni tədris ilinə vətənpərvərlik dərsi ilə başlamışlar
Bakı, 17 sentyabr (AZƏRTAC). Suraxanı rayonunun Hövsan qəsəbəsindəki 76 nömrəli tam orta məktəb əsaslı təmirdən sonra Bilik Günündə istifadəyə verilmişdir. AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Məktəbin direktoru Tehranə Tağıyeva tədbir iştirakçılarına kollektivin sevincini çatdıraraq bildirmişdir ki, 2013-2014-cü tədris ilində şagirdlər əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuş məktəbdə oxuyacaqlar. Bu, tədrisin keyfiyyətini yüksəltməyə imkan verəcəkdir.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov son illərdə Azərbaycanın təhsil sistemində baş verən çox ciddi irəliləyişlərdən danışmış, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Qeyd olunmuşdur ki, təhsil işçilərinin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması ilə bağlı Azərbaycan Prezidentinin sərəncamları, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr təhsilin inkişafına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəlmişdir.
Mərasimdə ötən tədris ilində Suraxanı rayonunun təhsil işçilərinin qazandığı nailiyyətlərdən də bəhs olunmuşdur. Belə ki, 2012-2013-cü tədris ilində rayon ərazisində yerləşən 34 orta ümumtəhsil məktəbini və xarici dillər təmayüllü gimnaziyanı 1899 şagird bitirmiş, onlardan 992 nəfəri tələbə adını qazanmışdır. Məzunlardan 49 nəfəri 600-dən yuxarı bal toplamışdır. Beş məzun isə Prezident təqaüdünə layiq görülmüşdür.
Tədbirdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Sonra ilk zəng çalınmışdır. Rayonun bütün məktəblərinin 8-11-ci siniflərində yeni tədris ili “Mənim ölkəm, mənim şəhərim, mənim rayonum” mövzusuna həsr olunmuş vətənpərvərlik dərsi ilə başlamışdır. Şagirdlərə son illərdə ölkədə və Suraxanı rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, habelə təhsilə göstərilən diqqət və qayğı haqqında ətraflı məlumat verilmiş, onlara bu uğurlardan bəhs edən xüsusi kitab hədiyyə edilmişdir.