MƏDƏNİYYƏT
Şuşaya həsr olunmuş rəsm və foto sərgisi açılmışdır
Bakı, 7 may (AZƏRTAC). Mayın 7-də Muzey Mərkəzində Şuşa incəsənət məktəbi şagirdlərinin “Şuşa Azərbaycanın tarix və mədəniyyət incisidir” foto və rəsm sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin və Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə nazir Əbülfəs Qarayev 20 illik Şuşa həsrətindən söz açmış, Azərbaycanın nadir mədəniyyət mərkəzinə yenidən qayıdacağımıza əminliyini bildirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında müvafiq Sərəncamını xatırladan nazir vurğulamışdır ki, bu sənədə əsasən, musiqi beşiyimizin yağı düşmən tərəfindən zəbt edilməsinin 20-ci ildönümü ilə əlaqədar anma mərasimləri təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da keçirilir.
Ə.Qarayev təəssüf hissi ilə demişdir ki, xalqımızın yaddaşı əlamətdar tarixi günlərlə yanaşı, Şuşanın işğalı kimi ağrılı, acılı hadisələri də özündə yaşadır. İnanıram ki, hansı yolla olursa-olsun Azərbaycanın üçrəngli bayrağının ölkəmizin zümrüd diyarında dalğalanacağı günə çox qalmamışdır.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin deputatı Elman Məmmədov tədbirdə çıxış edərək, yurdumuzun bu dilbər guşəsinin erməni vandalları tərəfindən işğalı ilə bağlı fikirlərini bölüşmüşlər.
Sonra sərgiyə baxış olmuşdur.