SİYASƏT
Tahir Rafik Butt: Pakistan Ermənistanın işğalçı siyasətinə görə bu ölkə ilə nəinki diplomatik münasibətləri qurmamış,onu hətta bir dövlət kimi tanımır
Bakı, 9 oktyabr (AZƏRTAC). Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bu ölkənin yeni təyin olunmuş Hərbi Hava Qüvvələri komandanı, aviasiya marşalı Tahir Rafik Butt ilə görüşmüşdür.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, yeni təyinat münasibətilə marşalı təbrik edən səfir ona şərəfli xidmətində müvəffəqiyyətlər arzulamışdır.
Görüşdə ölkələrimiz arasındakı dostluq münasibətlərindən, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmasından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışılmışdır. Diplomat bütün bu və digər məsələlərin həllində Pakistanın ölkəmizi dəstəklədiyini xüsusi qeyd etmiş və Azərbaycan xalqının da daim Pakistan ilə birlikdə olduğunu bildirmişdir.
D.Şikarov Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Pakistan Senatının qəbul etdiyi qətnamənin Azərbaycan rəhbərliyi və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulamışdır.
Görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın aspektləri müzakirə edilmişdir.
Aviasiya marşalı T.Rafik Butt 2009-cu ildə Azərbaycana rəsmi səfərinin təəssüratlarından danışmış, ölkəmizdə aparılan islahatlar və ordu quruculuğu sahəsində əldə edilən uğurlardan qürur duyduğunu bildirmişdir.
Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı ölkəsinin Azərbaycanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində birmənalı şəkildə dəstəklədiyini, işğalçı siyasətinə görə Ermənistan ilə nəinki diplomatik münasibətlər qurmadığını, hətta onu bir ölkə kimi tanımadığını vurğulamışdır. Komandan bu dəstəyin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının tam azad olunacağına qədər davam edəcəyini diqqətə çatdırmışdır.
Pakistan müdafiə sənayesi müəssisələrində istehsal olunan silah və texnikadan danışan marşal onların noyabrın 7-dən 11-dək Pakistanın Karaçi şəhərində keçiriləcək “İDEAS-2012” hərbi sənaye məhsulları sərgisində nümayiş olunacağını qeyd etmişdir.