DÜNYA
Taner Yıldız: Türkiyədə elektrikin kəsilməsi enerji çatışmazlığından qaynaqlanmır
Bakı, 31 mart, AZƏRTAC
Türkiyənin bir çox bölgəsində elektrik enerjisi verilişi dayanıb. Elektrik təchizatı şirkətinin (TEİAŞ) nümayəndələri hadisə ilə bağlı işlərin getdiyini və ən yaxın vaxtlarda sistemdə yaranan fasilənin aradan qaldırılacağını qeyd edib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, İstanbulda elektrik enerjisi verilişində yaranan problemlər səbəbindən metro və tramvayların hərəkəti dayanıb, nəticədə dayanacaqlarda uzun növbələr yaranıb. Əsas avtomobil yollarında işıqforların işləməməsi uzun tıxaclara səbəb olub.
Baş nazir Əhməd Davudoğlu jurnalistlərə müsahibəsində bildirib ki, hazırda elektrik enerjisinin kəsilməsi səbəbləri araşdırılır, Türkiyənin Energetika Nazirliyində bununla bağlı fövqəladə iclas keçirilir.
Energetika və təbii qaynaqlar naziri Taner Yıldız hadisəni şərh edərkən bunun enerji çatışmazlığından baş vermədiyini qeyd edib.