ELM VƏ TƏHSİL
Tarix Muzeyində “piyaləzəng” sırğaları qorunur
Bakı, 9 sentyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda dəyərli bəzək əşyalarından biri - Azərbaycan xanımlarının zərgərlik dəstlərində istifadə etdiyi, filiqran və ya hörmə naxış üsulu ilə iki elementdən çevrilmiş zınqırov və ya piyalə formasında hazırlanan “piyaləzəng” sırğaları qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Bir-birinin altında yerləşən iki piyalə formalı bu sırğa kompozisiyasının kənarları miniatür asqılarla bəzədilib.
XIX əsrin sonlarına aid olan bu asqılar ən cüzi hərəkət zamanı yellənərək cingildəyir ki, bu da kompozisiyanı bədii həll baxımından bayram əhval-ruhiyyəli sənət əsərinə çevirir.
“Piyaləzəng” sırğaları qədim inanca görə öz zərif cingiltisi ilə şər qüvvələri insandan uzaqlaşdırırmış.
Bu sırğalar Azərbaycanın Salyan rayonunda istifadə olunub. Sırğalar iri və kiçik piyalələrdən ibarətdir. Piyalələrin üst səthi nəbati və həndəsi naxışlı, içərisi isə göy rəngli mina ilə örtülüb.
Piyalələrin aşağı hissəsində nazik burulmuş məftillərdən ibarət bir ədəd toz mirvari və bir ədəd pərək asılıb.
Sözügedən “piyaləzəng” sırğaları 1983-cü ildə muzeyə təhvil verilib.