SİYASƏT
Tarixçi alim: Erməni lobbisinin təsiri altındakı konqresmenlər anlamalıdırlar ki, ikili standartlar onların dövlətinin imicinə zərbədir
![Tarixçi alim: Erməni lobbisinin təsiri altındakı konqresmenlər anlamalıdırlar ki, ikili standartlar onların dövlətinin imicinə zərbədir](/files/2023/3/1200x630/17003079794914556383_1200x630.jpg)
Tbilisi, 18 noyabr, AZƏRTAC
Bu gün bütün dünya Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki Qələbəsindən, eləcə də 2023-cü ilin sentyabrındakı lokal xarakterli birgünlük antiterror tədbirlərinin nəticələrindən, əhəmiyyətindən danışır. Çoxları Azərbaycanın bu Qələbəsini təqdir edir. Lakin çox təəssüf ki, ABŞ konqresi hələ də 907-ci düzəlişin təsirindən qurtula bilmir. ABŞ-dakı erməni lobbisinin təsiri altında olan konqresmenlər anlaya bilmirlər ki, bu cür ikili standartlar məhz onların öz dövlətinin imicinə zərbədir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində tarixçi-alim, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov söyləyib.
Siyasətçi xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bölgədə tarixi ədalət bərpa olunub. BMT və digər beynəlxalq təşkilatların qəbul etdikləri, 30 ilə yaxın müddətdə kağız üzərində qalan qərar və qətnamələr 44 gün ərzində yerinə yetirildi. Azərbaycan Ordusunun daha da güclənməsindən, Azərbaycan dövlətinin başçısının nüfuzunun günbəgün artmasından narahat olan qüvvələr bunu həzm edə bilmirlər.
Qeyd edilib ki, ABŞ və Avropa İttifaqının Azərbaycana qarşı bu ikiüzlü siyasəti bütün regionun əleyhinədir. Onlar regionda “zəif bənd”dən istifadə edərək regionda sabitliyi yenidən pozmağa, sülh müqaviləsinin imzalanmasına maneə olmağa çalışırlar.
“Düşünürəm ki, Cənubi Qafqaz ölkələrinin liderləri bunu anlamalı və tez bir zamanda sülh müqaviləsi imzalanmalıdır. Sülh müqaviləsinin imzalanması regiona sabitlik, inkişaf gətirəcək. Regionda sabitlik bütün xalqların, o cümlədən elə Avropanın özünün xeyrinədir. Ona görə də bütün dövlətlər, eləcə də Ermənistan və onun havadarları Azərbaycanın sülh çağırışına qoşulmalı, ümumi inkişafa töhfə verməlidirlər”, - deyə R.Bəkirov vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi