İQTİSADİYYAT
Tbilisi prospektində tıxacların aradan qaldırılması üçün planlar açıqlanıb
Bakı, 27 aprel, Sevda Cəfərova, AZƏRTAC
Tbilisi prospektində tıxacların aradan qaldırılması üçün planlar açıqlanıb.
AZƏRTAC xəbər verir ki, “Road&Traffic 2017” sərgisi çərçivəsində keçirilən “Bakının nəqliyyat sisteminin modernləşdirilməsi: mövcud vəziyyət və gələcək planlar” mövzusunda seminar zamanı Tbilisi prospektində tıxacların aradan qaldırılması üçün “Yol1” layihəsi təqdim olunub.
Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müavini Mübariz Abbasov qeyd edib ki, agentlik yarandığı gündən şəhərin yollarında mövcud olan problemlərin həlli istiqamətində işlər görməyə başlayıb və hazırda müxtəlif layihələr üzərində çalışır.
BNA-nın yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov layihəni təqdim edərək bildirib ki, “Yol1” layihəsi Tbilisi prospekti ilə bağlıdır. Tbilisi prospekti boyunca 5 kəsişmə nöqtəsində problemlər var ki, günün pik saatlarında tıxacların yaranmasına səbəb olur. Bu problemlərə dayanacağın düzgün yerləşdirilməməsi, nəqliyyat vasitəsinin yanacaqdoldurma məntəqəsindən birbaşa ana yola çıxması, Tbilisi prospektindən əks istiqamətə - 20 Yanvar dairəsi istiqamətinə gedərkən dönmə adacığının ölçüsünün genişləndirilməsi, işıqforların düzgün qoyulmaması və sair daxildir. Bütün bunlar “Yol1” layihəsi yekunlaşdıqdan sonra öz həllini tapacaq.
Seminarda bildirilib ki, Tbilisi prospektində mövcud problemlərdən biri də burada yerləşən dairənin kiçik olmasıdır. Bu səbəbdən Şəfayət Mehdiyev küçəsindən dairəyə daxil olaraq “20 Yanvar” istiqamətinə və Həsən Əliyev istiqamətinə hərəkət etmək istəyən nəqliyyat vasitələri üçün çox kiçik gözləmə yeri nəzərdə tutulub. Bu gözləmə yerinin kiçik olması nəticəsində Tbilisi prospektində pik saatlarda 2 və 3 hərəkət zolağında nəqliyyat vasitələrinin sıxlığı yaranır və bu da Tbilisi prospekti ilə İzmir küçəsi istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri üçün tıxaca səbəb olur.
Hüquqşünas-ekspert Ərşad Hüseynov seminarda “Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi” mövzusunda çıxış edib. O, sürücülərin maarifləndirilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, əgər sürücü yol hərəkət qaydalarını, nəqliyyatdan düzgün istifadə qaydalarını bilirsə, ən yaxşı sürücüdür. Bu zaman o, həmçinin daşıyıcı və ya sahibkara da heç bir problem yaratmır. Bir sözlə, sürücülər də öz işlərini düzgün görməkdə maraqlı olmalıdırlar.