DÜNYA
Tbilisidə Gürcüstanın Müstəqillik Günü qeyd edilmişdir
Tbilisi, 26 may (AZƏRTAC). Mayın 26-da Gürcüstanda Müstəqillik Günü qeyd edilmişdir.
Əlamətdar gün münasibətilə ölkə əhalisini təbrik edən Gürcüstanın Baş naziri Bidzina İvanişvili demişdir ki, demokratik dəyərlərin qorunub saxlanması, qonşu dövlətlərlə münasibətlərin yaxşılaşdırılması, Avratlantik məkana inteqrasiya, qanunun aliliyi, insan haqlarının qorunması və s. hakimiyyətin başlıca prioritetlərindəndir. B.İvanişvili ölkəsinin müstəqilliyinin qorunub saxlanması, demokratiyanın inkişaf etdirilməsi üçün bütün imkanlardan istifadə ediləcəyini bildirmişdir.
Müstəqillik Günü ilə əlaqədar bayram tədbirləri Gürcüstanın 26 şəhərində keçirilmişdir. Tbilisi və Kutaisi şəhərlərində həqiqi hərbi xidmətə çağırışçıların andiçmə mərasimi keçirilmişdir. Paytaxtda və ölkənin daha on şəhərində hərbi texnika, silah, hərbi geyimin sərgisi keçirilmişdir.
Müstəqillik Gününə həsr olunmuş tədbir geniş konsert proqramı, çiçək festivalı, idman yarışları, digər tədbirlərlə davam etdirilmiş, Tbilisi və Kutaisi şəhərlərinin səmasında hərbi təyyarələrin nümunəvi uçuşları ilə başa çatmışdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri,
Tbilisi