RƏSMİ XRONİKA
TƏCİLİ VƏ TƏXİRƏSALINMAZ TİBBİ YARDIM XİDMƏTİ İŞÇİLƏRİNİN ƏMƏK HAQLARININ ARTIRILMASI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Bakı şəhərində və ölkə regionlarında əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibb xidmətlərinin səviyyəsinin yaxşılaşdırılması və bu sahədə çalışan işçilərin maddi təminatının yaxşılaşdırılması məqsədi ilə qərara alıram:
1. Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2.0 dəfə artım əmsalı tətbiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 1 ay müddətində:
2.1. qüvvədə olan normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin;
2.2. bu Sərəncamın icrası ilə bağlı digər məsələləri həll etsin.
3. Bu Sərəncam 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2007-ci il.