ELM VƏ TƏHSİL
Təhsil İnstitutu daha bir məktəbin inkişaf planını təqdim edib
Bakı, 8 iyun, AZƏRTAC
Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) Bakıdakı 35 nömrəli tam orta məktəbdə Məktəbin İnkişaf Planını (MİP) təqdim edib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd olunub ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi ötən il dekabrın 24-də 35 nömrəli tam orta məktəbdə 4 istiqamət üzrə inspeksiya keçirib. İnspeksiya hesabatı əsasında məktəbə metodik dəstəyin göstərilməsi, həmçinin Məktəbin İnkişaf Planının hazırlanması nəzərdə tutulub.
Qeyd edilən istiqamətlər üzrə fəaliyyətin təşkili məqsədilə bu il martın 17-də MDPİM əməkdaşları ilə məktəb heyəti arasında görüş keçirilib və görüşdən sonra məktəbdə dərsdinləmələr təşkil edib, müxtəlif təlim və seminarlar keçirilib. Eyni zamanda, məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini, psixoloq, kitabxanaçı və bir neçə müəllimlə fərdi söhbətlər aparılıb, MİP-də reallaşdırılması mümkün olan fəaliyyətlər üzrə təkliflər müzakirə olunub.
Aparılan təhlil və müzakirələrdən sonra 35 nömrəli tam orta məktəbin inkişaf planı məktəb rəhbərliyi və müəllim kollektivinə təqdim edilib.
Məktəbin İnkişaf Planı 3 illik dövrü əhatə edir və 35 nömrəli tam orta məktəbdə 2022-2023-cü dərs ilindən icrası nəzərdə tutulur.