ELM VƏ TƏHSİL
Təhsildə Keyfiyyət Təminatı Agentliyi Azərbaycan Texnologiya Universitetində təlimlərə başlayıb
![Təhsildə Keyfiyyət Təminatı Agentliyi Azərbaycan Texnologiya Universitetində təlimlərə başlayıb](/files/2022/3/1200x630/1664888846531452453_1200x630.jpg)
Bakı, 4 oktyabr, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Azərbaycan Texnologiya Universiteti (UTECA) arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında təlimlərə start verilib. Təlimlər TKTA-nın Təlim və metodologiya şöbəsi tərəfindən UTECA-da keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.
Bildirilib ki, təlimlərin əsas məqsədi Azərbaycan Texnologiya Universitetinin akademik və inzibati heyətinə daxili keyfiyyət təminatı sisteminin səmərəli təşkili, eləcə də sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsinə dair məlumat verməkdir.
Təlimlərdə UTECA-nın bir sıra inzibati və akademik heyəti iştirak edir. Təlimlərin 5 gün davam edəcəyi nəzərdə tutulub.
Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlərin təşkili TKTA-nın əsas fəaliyyət istiqamətlərindən biridir.