ELM VƏ TƏHSİL
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI MBA VƏ TEMPUS-TACİS PROQRAMLARI ÜZRƏ MAGİSTRATURAYA QƏBUL İMTAHANI KEÇİRİR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, TQDK fevralın 2-də MBA və Tempus-TACİS beynəlxalq proqramları üzrə magistratura pilləsinə qəbul imtahanı keçirəcəkdir. Qəbul haqqında elan, qəbul qaydaları, ixtisaslar, qəbul imtahanının proqramları və tövsiyə olunan ədəbiyyat «Magistr» jurnalının 6-cı sayında dərc edilmiş və TQDK-nın internet səhifəsində yerləşdirilmişdi.
Sənədlərin qəbulu iki mərhələdə aparılmışdır. Birinci mərhələdə bakalavrlar 2008-ci il yanvarın 8-dən etibarən TQDK-nın müvafiq internet səhifəsində "Bakalavrın elektron ərizəsi" formasını doldurmuş, ikinci mərhələdə - yanvarın 11-dən 17-dək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında yaradılmış sənəd qəbulu komissiyasında “Bakalavrın elektron ərizəsi” forması rəsmiləşdirmişlər.
Bakalavrlara «İmtahana buraxılış vərəqəsi» və “Yaddaş kitabçası” yanvarın 30-dan fevralın 1-dək paylanmışdır.
Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Qafqaz Universiteti, Qərb Universiteti və «Odlar Yurdu» Universitetində fəaliyyət göstərən MBA proqramı üzrə ayrılmış 208 yerə ixtisasından asılı olmayaraq bütün bakalavrlar, TEMPUS-TACİS üzrə nəzərdə tutulan 4 plan yerinə isə yalnız müvafiq şifrli ixtisas istiqamətlərini bitirən bakalavrlar sənəd verə bilərdilər.
MBA və TEMPUS-TACİS proqramları üzrə təhsilini magistraturada davam etdirmək istəyən 440 bakalavr qeydiyyatdan keçmişdir. (321 nəfər Azərbaycan bölməsi üzrə, 119 nəfər rus bölməsi üzrə). Onlardan 214 nəfəri qız, 226 nəfəri oğlandır. Bu proqramlar üzrə magistr təhsili almaq istəyənlər arasında müxtəlif ixtisaslı - filoloq, marketinq, gömrük işinin təşkili, memarlıq, iqtisadiyyatın hüquqi tənzimlənməsi, təbiətdən istifadənin iqtisadiyyatı, neft və qazın geologiyası, tarixçi və s. bakalavrlar vardır.
Qəbul imtahanında bakalavrın məntiqi təfəkkürü, qəbul olmaq istədiyi ixtisas və xarici dil üzrə bilik səviyyəsi test üsulu ilə yoxlanılır. Bakalavrlara məntiqi təfəkkürün yoxlanılması üzrə 50, xarici dil fənni üzrə 20 və ixtisas üzrə 30 test tapşırığı təqdim olunur.
İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir etmir. Müsabiqəyə ümumi balı 50-dən az olmayan bakalavrlar buraxılırlar. Bu zaman bakalavrın ixtisas fənni üzrə topladığı bal 10-dan az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqəyə yuxarıdakı tələbləri ödəməklə, ingilis dili fənnindən balı 16-dan az olmayan bakalavrlar buraxılırlar.
İmtahanın nəticələri TQDK-nın intrernet saytında yerləşdiriləcəkdir. Hər bir bakalavra imtahan nəticələri haqqında arayış veriləcəkdir.