ELM VƏ TƏHSİL
TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI ŞƏKİDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, yanvarın 29-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Şəkidə 2007-2008-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirmişdir.
Müşavirədə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş və Zərdab rayonları təhsil şöbələrinin rəhbərləri və məktəb direktorları iştirak etmişlər.
Müşavirədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə “Azərbaycan Respublikasının ali məktəblərinə tələbə qəbulu: nəticələr, nailiyyətlər, vəzifələr” mövzusunda geniş məruzə etmişdir. Məruzədə TQDK-nın fəaliyyəti, 2007-2008-ci tədris ili üçün ali məktəblərə keçirilmiş qəbul imtahanlarının nəticələri respublika, eləcə də ayrı-ayrı rayonlar üzrə hərtərəfli təhlil edilmiş, növbəti qəbul imtahanlarında nəzərdə tutulan dəyişikliklər və qarşıda duran vəzifələrə toxunulmuşdur. Milli qiymətləndirmə sistemləri və təhsil standartlarının qarşılıqlı asılılığı, yeni təhsil mühitinin stimullaşdırılması və digər məsələlər barədə məlumat verilmişdir. TQDK sədri mərkəzləşdirilmiş milli qiymətləndirmə sisteminin ölkədaxili təhsil mühitinə müsbət təsir göstərdiyini, sağlam rəqabət formalaşdırdığını bildirmişdir.
Ali məktəblərə qəbul üçün ərizə verənlərin sayının 1992-ci illə müqayisədə 2,5 dəfə artaraq, 102 min 673 nəfərə çatdığını bildirən M.Abbaszadə, bu amili ilk növbədə yeni qəbul sisteminə inamın və gənclərin ali təhsil almaq həvəsinin artması ilə əlaqələndirmişdir. Ötənilki məzunların 41,4 faizinin qəbul kampaniyasında iştirak etmədiyini bildirən məruzəçi abituriyentlərin 36 faizinin 0-100 bal, 24,1 faizinin 100-200, 17 faizinin 200-300, 18,3 faizinin 300-500 və 4,6 faizinin 500-700 bal arasında nəticə göstərdiklərini nəzərə çatdırmışdır. Orta məktəbi “əla“ qiymətlərlə bitirən 3570 məzunun yalnız 25 faizinin, yəni 925 nəfərinin qəbul imtahanlarında 500-700 bal topladığını bildirən TQDK sədri, əlaçı məzunların 241 nəfərinin 0-100, 450 nəfərinin 100-200, 595 məzunun isə 200-300 bal toplamasını mənfi hal kimi qiymətləndirmişdir. Bu, onu göstərir ki, orta məktəblərdə şagirdlərə verilən qiymətlər həddən artıq şişirdilir.
Müşavirədə çıxış edən TQDK-nın statistik araşdırmalar və elmi layihələndirmələr şöbəsinin müdiri Tariyel Bədəlov qəbul imtahanlarında Şəki-Zaqatala bölgəsi və ətraf rayonların məzunlarının əldə etdikləri nəticələrin elmi təhlilini vermişdir. Bildirilmişdir ki, bu regiona daxil olan Qax, Şəki, İsmayıllı və Qəbələ rayonları məzunlarının ayrı-ayrı fənlər üzrə əldə etdikləri nəticələr respublika üzrə ən yüksək göstəricilərdən hesab olunur. Bununla yanaşı, təəssüf ki, Ağsu, Zərdab və digər rayonların məzunlarının əldə etdikləri nəticələr orta respublika göstəricilərindən xeyli aşağadır.
Müşavirənin sonunda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmiş, rayonların təhsil şöbələrinə “Abituriyent” jurnalının xüsusi buraxılışı və qəbul imtahanlarının yekunlarına dair metodiki vəsaitlər təqdim olunmuşdur.