DÜNYA
Televizor göstərmir? Sadəcə kosmik hava korlanmışdır
Bakı, 15 oktyabr (AZƏRTAC). İlin 300 günündə günəşin işıq saçdığı Cənubi Afrika yaşamaq və kosmosu müşahidə etmək üçün ideal yerdir. Dünyanın lap qurtaracağında yerləşən Xermanus rəsədxanasında artıq 70 ildir ki, Yerin geomaqnit sahəsini müşahidə edirlər.
Alınmış məlumatlar naviqasiya cihazlarında təshihlər etməyə kömək göstərir, belə ki, maqnitosferada baş verən hər hansı dəyişikliklər bu cihazların işində əngəllər törədir.
Xermanus rəsədxanasının geomaqnetizm qrupunun başçısı Piter Kotse deyir: “Günəş küləyi Yerin maqnitosferinə təsir göstərir, bu, geomaqnit sahəsini dəyişə bilər, həmin sahə isə öz növbəsində atmosferə və Yerdəki cihazlara, hətta elektrik xətlərinə təsir göstərir”.
Buraya, Kosmik havanın monitorinqi mərkəzinə yerüstü maqnitometrlərdən və orbitdəki peyklərdən informasiya gəlir. Ulduzların fəallığı nəticəsində günəş küləyi və fırtınalar gecə-gündüz qeydə alınır.
CAR-ın iki il bundan əvvəl Baykonurdan kosmosa buraxılmış yeganə peyki olan “Sumbandila” lap bu yaxınlarda günəşdə baş verən növbəti partlayışın qurbanı olmuş və sıradan çıxmışdır. Belə günəş enerjisi tullantısı yerə bir neçə gündən sonra gəlib çatır, Xermanusda alimlər bunu artıq 8 dəqiqədən sonra bilmişdilər. Piter Kotse izah edərək deyir: “Bizim insanlara vermək istədiyimiz budur. Əgər onlar televizora baxarkən birdən maneələr meydana çıxırsa, bilməlidirlər ki, bu, televizorla bağlı problem deyildir, sadəcə olaraq kosmik hava korlanmışdır”.
CAR-ın paytaxtında başa çatmış növbəti 62-ci astronavtika konqresində kosmosun hər bir kəsə, istər Moskvanın, yaxud Keyptaunun sakini olsun, hamıya fayda gətirməli olduğu barədə danışılmışdır. İqtisadi cəhətdən qeyri-sabitlik dövründə kosmosa doğru atılan hər bir addımı hərtərəfli ölçüb –biçmək lazımdır. Buna görə də Rusiya, Birləşmiş Ştatlar və Avropa gələcək üçün birgə məqsəd axtarışı səylərini birləşdirməyi qərara almışlar.
Yaxın onillik üçün bu yol artıq seçilmişdir: Benəlxalq kosmik stansiya. NASA-nın başçısı Çarlz Bolden deyir: BKS proqramı üzrə tərəfdaşlarla birlikdə biz qərara almışıq ki, stansiya azı 2020-ci ilədək kosmosda insan fəaliyyətinin mərkəzi olacaqdır.