DÜNYA
Tereza Mey: Birləşmiş Krallıq Avropa İttifaqının vahid bazarını tərk etməlidir
![Tereza Mey: Birləşmiş Krallıq Avropa İttifaqının vahid bazarını tərk etməlidir](/files/2017/1/1200x630/14846639664689536356_1200x630.jpg)
London, 17 yanvar, AZƏRTAC
Birləşmiş Krallıq Avropa İttifaqının (Aİ) vahid bazarını tərk etməlidir. Vahid bazarda qalmaq Aİ-ni bütövlükdə tərk etməmək deməkdir.
Bu sözləri Böyük Britaniyanın Baş naziri Tereza Mey “Brexit” ilə bağlı çıxışı zamanı səsləndirib. O qeyd edib ki, “Brexit”dən sonra Birləşmiş Krallıq maksimum səviyyədə bazara çıxış əldə etməyə çalışacaq, lakin bazarda qalmaq mümkün olmayacaq.
Baş nazir diqqətə çatdırıb ki, Aİ ilə Birləşmiş Krallıq arasındakı son razılaşma parlamentdə səsə qoyulacaq. “Brexit”dən sonra Böyük Britaniyanın Aİ-yə vəsait ödəməsi dayandırılacaq.
T.Mey çıxışı zamanı Birləşmiş Krallığın “Brexit” prosesindəki prioritetləri haqqında da məlumat verib. Baş nazir qeyd edib ki, İrlandiya Respublikası ilə ortaq səyahət zonasını saxlamaq, Aİ ilə tarifsiz ticarət, İttifaq ilə gömrük razılaşması, İttifaq xarici ölkələr ilə yeni ticarət müqavilələri, davamlı kəşfiyyat və polis məlumatlarının paylaşılması, Aİ və Böyük Britaniya vətəndaşlarının qarşılıqlı olaraq immiqrasiya hüquqlarının qorunması “Brexit” prosesindəki prioritet məsələlərdir.
Baş nazir çıxışı zamanı Aİ-yə xəbərdarlıq edərək deyib ki, “Brexit”ə Britaniya üçün cəza olaraq baxılması düzgün deyil və bu, dostluq münasibətlərini pozaraq İttifaq ölkələrinin özlərinə də zərər vura bilər. Qarşılıqlı dostluq münasibətləri çərçivəsində Britaniya firmalarına Aİ-də, Aİ firmalarına da Britaniyada sərbəst fəaliyyət göstərmələri üçün şərait yaradılmalıdır.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London