SİYASƏT
TERROR ERMƏNİSTANIN DÖVLƏT SİYASƏTİNƏ ÇEVRİLMİŞDİR
Bakı, 17 dekabr (AZƏRTAC). Dekabrın 17-də “Səs” qəzeti redaksiyasında “Erməni terroru” mövzusunda mətbuat konfransı keçirilmişdir.
“Səs” qəzetinin şöbə müdiri İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə bu mətbu orqanın erməni terrorunu ifşa edən sənədlər və faktlardan ibarət xüsusi buraxılışını təqdim etmiş, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri repressiya, soyqırımı və deportasiya barədə məlumat vermişdir.
O, bildirmişdir ki, qəzetin əməkdaşlarının səyləri nəticəsində müxtəlif dövrlərdə baş vermiş erməni vəhşilikləri ilə bağlı hadisələr bir daha tədqiq edilərək geniş ictimaiyyətin nəzərinə çatdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilk Akademiyasının əməkdaşı, politoloq Elşad Mirbəşiroğlu terrorun mahiyyəti haqda danışmış, ermənilərin Dağlıq Qarabağda, xüsusilə də, Xocalıda soydaşlarımızın başına gətirdikləri fəlakətlərdən söhbət açmışdır. Bildirmişdir ki, Ermənistanda terror dövlət siyasəti səviyyəsindədir və bu, ermənilərin sanki həyat tərzinə çevrilmişdir. Daşnaksütyun, DRO, Hnçaq və bu kimi erməni terror təşkilatlarının azərbaycanlılara və başqa xalqlara qarşı törətdikləri terror aktları buna bariz sübutdur.