REGİONLAR
Tərtərdə ilin birinci yarısında 31 milyon 522,1 min manatlıq tikinti-quraşdırma işləri aparılıb
Tərtər, 25 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında Tərtər rayonunda ümumi məhsul buraxılışının həcmi 130 milyon 798,3 min manat olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 32,6 faiz çoxdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 33 milyon 152,5 min manat təşkil edib ki, onun 31 milyon 522,1 min manatı və ya 95,1 faizi tikinti-quraşdırma işlərinə yönəldilib. Bu ilin müvafiq dövrünə nisbətən əsas kapitala yönəldilən investisiyaların həcmi 2,8 dəfə artıb. İlin altı ayında 1840,6 min manat dəyərində əsas fondlar istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Tərtər rayonunda 2022-ci ilin birinci yarısının yekunlarına həsr olunan yığıncaqda məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məruzəsində bildirilib ki, bu ilin altı ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib.
Birinci yarımildə rayonda tikinti-quraşdırma və abadlıq işləri davam etdirilib. Tərtər şəhərinin Əli İsmayılov, Teymur Rəhimov və Vaqif küçələrində divarlar aqlay və digər bəzək daşları ilə üzlənib, küçədə olan kommunikasiya xətləri səliqəyə salınıb. Mübariz Kərimov küçəsində 1,4 kilometr yola asfalt örtük döşənib. Kovdadıq kəndində 20 şagird yerlik ibtidai və Zolgəran kəndində 56 şagird yerlik ümumi orta modul tipli məktəblərin binası tikilib istifadəyə verilib. Rayonun Bəyimsarov və Qazyan kəndlərində 50 yerlik körpələr evi-uşaq bağçalarının, 432 şagird yerlik Xoruzlu kənd tam orta və Tərtər şəhər 5 nömrəli tam orta məktəbləri üçün yeni məktəb binasının tikintisi davam etdirilir, 1 nömrəli Şıxarx tam orta məktəbi üçün yeni modul tipli məktəb binası quraşdırılıb. Cari ilin yanvar-iyun ayları ərzində ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarında, rayonun yaşayış məntəqələrində və meşə zolaqlarında mindən çox müxtəlif növ ağaclar, 250 ədəd gül kolu və 10 min ədəd həmişəyaşıl kollar əkilib.
Yığıncaqda qeyd olunub ki, Tərtər rayonunda aqrar sahənin inkişafı diqqət mərkəzindədir. İlin birinci yarısında kənd təsərrüfatı məhsulunun ümumi həcmi 56 milyon 423,5 min manat təşkil edib ki, onun 33 milyon 923,7 min manatı bitkiçilik, 22 milyon 499,8 min manatı heyvandarlıq məhsullarının hesabına formalaşıb. Cari ildə 8102,9 hektar taxıl sahəsindən 33 min 233,1 ton məhsul istehsal edilib. Hər hektardan orta məhsuldarlıq 41 sentner, o cümlədən buğda üzrə 43,6 sentner, arpa üzrə 38,5 sentnerdir. Buğdanın və arpanın məhsuldarlığına görə Tərtər rayonu ölkə üzrə 5-ci yerdədir.
Bu ilin məhsulu üçün 3450,7 hektar sahədə pambıq, 193,4 hektar sahədə şəkər çuğunduru, 2444 hektar sahədə günəbaxan əkilib. Rayonun kümçüləri 330 qutu barama qurdu saxlayıb və 10,2 ton barama tədarük ediblər.
Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, içməli su, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub.
Yığıncaqda, həmçinin 2022-ci ilin altı ayında ölkəmizin və Tərtər rayonunun sosial-iqtisadi inkişafına xidmət edən fəaliyyət sahələrində əldə olunan uğurlardan danışılıb, rayonda aparılan abadlıq, quruculuq işlərinin, infrastruktur layihələrinin əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edəcəyi vurğulanıb.