ELM VƏ TƏHSİL
“Tokyo BOEKİ Technology” şirkətinin MDB ölkələri üzrə icraçı direktoru AMEA Botanika İnstitutunda olmuşdur
Bakı, 22 may (AZƏRTAC). Müasir dövrdə elmi-tədqiqat işləri daha çox dəqiqlik və ətraflı yanaşma imkanları yaradan yüksək texnologiyalı avadanlıqdan istifadəni tələb edir. Son illərdə Azərbaycanda botanika elminin müasir səviyyədə inkişafı istiqamətində də bir sıra əhəmiyyətli addımlar atılmış və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dəstəyi ilə laboratoriyalar müasir avadanlıqla təchiz olunmuşdur. Bu məqsədlə AMEA Botanika İnstitutunda “Tokyo BOEKİ Technology” şirkətinin MDB ölkələri üzrə icraçı direktoru Oleksey Şpak və baş meneceri Vitali Tinkov ilə görüş keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, institutun direktoru, biologiya elmləri doktoru, professor Validə Əlizadə bu elm ocağında aparılan geniş profilli tədqiqat işləri, beynəlxalq əməkdaşlıqlar və botanika sahəsində son illərdə əldə edilmiş nailiyyətlər haqqında söz açmışdır.
Şirkətin baş meneceri Vitali Tinkov institut əməkdaşlarını biologiya elminin hazırkı tələblərinə cavab verən geniş imkanlı N-SİM, JEM, JSM və s. kimi dəqiq mikroskoplar, analitik skanerlər, element səviyyəsində analizedicilər kimi bir sıra müasir avadanlıqlarla tanış etmiş və onlardan istifadənin əhəmiyyətli nəticələri haqqında məlumat vermişdir.
Tədbirdə AMEA-nın Elmi-təşkilat şöbəsinin rəisi, riyaziyyat üzrə fəlsəfə doktoru Əminağa Sadıqov “Tokyo BOEKİ Technology” şirkəti nümayəndələrinin AMEA-nın prezidenti, akademik Mahmud Kərimov və birinci vitse-prezidenti, akademik Arif Həşimovla görüşdüklərini nəzərə çarpdırmış, bu şirkətlə əməkdaşlığın vacibliyindən və perspektivlərindən danışmışdır.