CƏMİYYƏT
“Topların gurultusu altında diplomatiya: Azərbaycan Respublikasının ilk diplomatik missiyası” kitabının təqdimat mərasimi keçirilib
Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 6-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Azərbaycanın sabiq Baş və xarici işlər naziri, dövlət xadimi, diplomat Həsən Həsənovun müəllifi olduğu “Topların gurultusu altında diplomatiya: Azərbaycan Respublikasının ilk diplomatik missiyası” adlı kitabın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxış edərək kitab haqqında məlumat verib. Bildirib ki, BMTM-in dəstəyi ilə nəşr olunmuş kitabda müasir Azərbaycan tarixində ilk diplomatik nümayəndəlik - Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi və onun 1992-1993-cü illərdəki fəaliyyətindən bəhs edilir. Diplomatik nümayəndəliyin fəaliyyətinin özəlliyi ondan ibarət idi ki, o, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı davam edən hərbi təcavüzü şəraitində fəaliyyət göstərirdi. Əsərdə, həmçinin BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair qətnamələrinin qəbulu prosesinə nəzər salınır. Azərbaycanın BMT yanındakı nümayəndəliyinin ilk rəhbəri olmuş Həsən Həsənov şəxsi təcrübələri əsasında kitabda Ermənistan-Azərbaycan münaqişəsi fonunda missiyanın formalaşmasından, fəaliyyətindən və üzləşdiyi çağırışlardan yazıb.
Təqdimat mərasimində çıxış edən Həsən Həsənov kitabın hazırlanmasına hələ nazir işlədiyi vaxtlardan başladığını söyləyib. O bildirib ki, kitabın hazırlanması uzun müddəti əhatə edib. Əsər BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ilk bəyanat və qətnamələrinin hansı çətinliklərlə ərsəyə gəldiyindən bəhs edir. Kitab rus dilində nəşr olunub. Onun gələcəkdə Azərbaycan və ingilis dillərinə tərcümə olunması da nəzərdə tutulub.
“Mən əsəri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinə həsr etmişəm. O, Azərbaycanın müstəqilliyini, biz isə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıtmağa getmişdik. Hər iki nümayəndə heyəti məqsədinə nail olub. Kitabın təqdimat mərasiminin bu günə salınması da təsadüfi deyil. 1993-cü il aprelin 6-da Azərbaycan hökumətinin BMT-də daimi nümayəndələrinin təsis olunması haqqında qərar verilib”, - deyə Həsən Həsənov qeyd edib.
Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.