ELM VƏ TƏHSİL
TPİ-də seminar-müzakirə
Bakı, 2 fevral, AZƏRTAC
Fevralın 2-də Təhsil Problemləri İnstitutunda (TPİ) “Pedaqoji kadrların peşəkar inkişafı: problemlər və perspektivlər” mövzusunda seminar-müzakirə keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, TPİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasının, ümumi təhsilin keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılmasının zəruriliyindən danışıb. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün bu sahədə insan resurslarının inkişaf etdirilməsinin və müəllim peşəsinin nüfuzunun artırılmasının vacibliyi vurğulanıb.
Seminarda TPİ-nin şöbə müdiri Afaq Əliyevanın “Pedaqoji kadrların peşəkar inkişafı: problemlər və perspektivlər” mövzusunda təqdimat-məruzəsi dinlənilib. Qabaqcıl təhsil təcrübəsinə malik ölkələrdə pedaqoji peşəkarlıq istiqamətində tətbiq olunan və uğurlu nəticələrlə müşahidə edilən metodologiya haqqında danışan məruzəçi bu istiqamətdə tətbiqi vacib sayılan bir sıra məsələlər barədə məlumat verib.