Baş direktor: Yük gəmiləri limanda qaldıqları müddətdə havanı zəhərləyirlər
Bakı, 17 may, AZƏRTAC
Məqsədimiz Çindən Avropaya qədər yaşıl dəhliz yaratmaqdan ibarətdir və bu istiqamətdə işləri davam etdiririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı Beynəlxalq Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu”nun “Biznesin davamlılığının artırılması: iqlim dəyişikliyi və nəticələr” mövzusunda keçirilən panel müzakirəsində deyib.
O bildirib ki, Azərbaycan ilə Gürcüstan dəmir yolları tamamilə elektrikləşib.
“Qazaxıstanda isə hələlik bu proses başa çatdırılmayıb. Gəmilərə gəldikdə isə deyə bilərəm ki, havaya buraxılan karbon limana yan alan gəmilər tərəfindən ixrac olunur. Yük gəmiləri limanda qaldıqları müddətdə atmosferə karbon ixrac edərək havanı zəhərləyirlər. Limanın ümumilikdə atmosferə buraxdığı karbonun 71 faizi limana gələn gəmilər tərəfindən atılır. Bunun qarşısının alınması üçün yollar tapmaq lazımdır. 2030-cu ildən etibarən hibrid gəmilərin tikintisinə başlanılacaq”, - deyə baş direktor əlavə edib.
T.Ziyadov qeyd edib ki, yaşıl dəhliz hansı dövlətin ərazisindən keçəcəksə, həmin dövlətdən yaşıl dəhlizin fəaliyyətə başlaması üçün müxtəlif vergi güzəştləri tətbiq etməli və həvəsləndirilməlidir.