ELM VƏ TƏHSİL
“TRİZ Kuboku - 2019” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə görüş
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Təhsil Nazirliyində “TRİZ Kuboku-2019” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə görüş olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müsabiqənin qaliblərini təbrik edib. Məktəblilərimizin beynəlxalq yarışmalarda əldə etdiyi uğurlara toxunan nazir müavini bu müsabiqənin gələcəkdə regionlarda da geniş təbliği istiqamətində müəyyən işlər görülməsi ilə bağlı tövsiyələrini verib.
“TRİZ Developers Summit” Beynəlxalq Assosiasiyasının Azərbaycandakı nümayəndəsi, “NG Creators Club”un direktoru Natiq Əliyev müsabiqəyə dair təqdimatla çıxış edib. Sonra təmsil etdiyi qurum adından “TRİZ Kuboku-2019” beynəlxalq müsabiqəsinin qaliblərini təbrik edib, Təhsil Nazirliyinin bu tədbirə dəstək olmuş məsul işçilərinə təşəkkürünü bildirib.
Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova TRİZ nəzəriyyəsinin müasir dövrdə aktuallığından danışıb.
Daha sonra mükafatlandırma olub. Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyinin şagirdlərinə diplomlar və “Qran-Pri” mükafatı təqdim edilib. Müsabiqədə iştirak edən Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın məktəbliləri də diplomla təltif olunublar.
Qeyd edilib ki, Balakən, Lənkəran, İsmayıllı, Ucar və Qobustan təhsil müəssisələrinin məktəbliləri də müsabiqədə iştirak ediblər. Bölgələr üzrə müsabiqədə iştirak edən məktəblilərə sertifikatların müvafiq qaydada yerlərdə təqdim olunacağı planlaşdırılır.
Tədbirin sonunda təşkilatçılara təşəkkürnamələr təqdim edilib.
Beynəlxalq müsabiqənin məqsədi məktəblilər, tələbələr, müəllimlər, həmçinin mütəxəssislər arasında yaradıcılıq və innovasiya sahəsində motivasiyanın formalaşdırılması və peşəyönümlü fəaliyyətin əhatə dairəsinin genişləndirilməsidir.
TRİZ-in (ixtira məsələlərinin həlli nəzəriyyəsi) banisi, əslən bakılı ixtiraçı alim Genrix Altşuller olub və dünyada ilk İxtiraçılıq İnstitutu Bakıda ümummilli lider Heydər Əliyevin dəstəyi ilə 1970-ci illərdə yaradılıb.