MƏDƏNİYYƏT
Türk-müsəlman dünyasının gələcəyi daha çox analarımızın əlindədir
Bakı, 23 aprel (AZƏRTAC). Milli Məclisin deputatı Qənirə Paşayeva İstanbulda keçirilən 23 aprel - Milli Müstəqillik və Uşaq Bayramı mərasimində çıxış etmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimin əvvəlində Azərbaycandan dəvət edilmiş “Təbəssüm” uşaq rəqs ansamblı maraqlı konsert proqramı nümayiş etdirmişdir.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva türk qadınının əsas vəzifəsinin uşaqlarını “Dildə, fikirdə, işdə birlik!” ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək demişdir: “Gənc qadınlarımızın vəzifəsi övladlarını milli və dini dəyərlərimizə, milli kimliyimizə sədaqət ruhunda yetişdirməkdir”.
Uşaqları həm fiziki, həm də zehni cəhətdən kamil insan kimi yetişdirməyin önəmli olduğunu vurğulayan Qənirə Paşayeva demişdir ki, analarımız gənclərimizə keçmişimizi, tariximizi, millətimizin keçdiyi yolu və gələcək perspektivlərini də anlatmalıdırlar. Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər. Mən həm Azərbaycanda, həm də bir çox türk-müsəlman ölkələrində keçirilən tədbirlərdə çıxışlarım zamanı belə bir fikri xüsusilə vurğulayıram ki, türk-müsəlman dünyasının gələcəyi daha çox analarımızın əlindədir.
Deputat Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi və nəticələri, Ermənistanın işğalçılıq siyasəti, təcavüzkar dövlətin zəbt etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımları, 20 ildən artıqdır ki, 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı danışmışdır.
Azərbaycanda qadın hüquqlarının müdafiəsi ilə bağlı bir sıra dövlət və QHT layihələrinin həyata keçirildiyinə diqqəti cəlb edən Qənirə Paşayeva bu sahədə Azərbaycan və Türkiyənin müvafiq dövlət qurumları, bələdiyyələr və QHT-lər arasında əməkdaşlığın vacibliyini vurğulamışdır.
Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, “Türk Ocaqları” İstanbul şöbəsinin sədri Cezmi Bayram da iştirak etmişlər.
Türkiyənin bir sıra KİV-lərində Milli Məclisin deputatı Qənirə Paşayevanın Bağçılar bələdiyyəsində çıxışı zamanı söylədiyi fikirlərə geniş yer verilmişdir.