DÜNYA
Türkiyə ilə Suriya arasında gərginlik artır
Ankara, 23 iyun (AZƏRTAC). İyunun 22-də Türkiyənin Malatyadakı “Erhaç” hərbi bazasından uçan F-14 qırıcı təyyarənin radarlardan yoxa çıxmasının ardınca Baş nazir Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə güc nazirlərinin toplantısı keçirilmişdir.
Toplantıdan sonra Nazirlər Kabinetinin rəsmi açıqlamasında hərbi təyyarənin Suriya tərəfindən vurulduğu və hadisənin araşdırıldığı bildirilmişdir. Təyyarənin iki pilotunun axtarış tədbirlərinin də Suriya ilə birlikdə davam etdiyi, bu insidentin tam olaraq aydınlaşdırılmasından sonra Ankaranın müvafiq addımlar atacağı da bəyan edilmişdir.
Suriya Müdafiə Nazirliyi də hadisə ilə bağlı açıqlama verərək, təyyarənin 1 kilometr məsafədə sərhədi pozduğunu, yalnız vurulduqdan sonra Türkiyəyə məxsus olduğunu müəyyən etdiklərini bəyan etmişdir.
Bu arada, BMT və ABŞ bu insidenti diqqətlə izlədiklərini bildirmişlər. Vaşinqton bəyan etmişdir ki, Türkiyə pilotlarının axtarılmasında iştirak edə bilər.
Siyasi şərhçilər bildirirlər ki, Suriyanın hərbi təyyarəni vurması beynəlxalq normalara zidd addımdır. Hətta, sərhədi pozduğu təqdirdə belə xəbərdarlıq edilməli, təyyarə yerə endirilməli, pilotlar isə Türkiyə tərəfinə təhvil verilməli idi.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara