SİYASƏT
TÜRKİYƏ MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ
Azərbaycanda keçirilən referendum Türkiyənin kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır. Dost və qardaş ölkənin rəsmi dövlət və özəl televiziya kanallarının xəbərlər proqramlarında Azərbaycandakı ümumxalq səsverməsinin gedişi və ilkin nəticələri haqqında türk ictimaiyyətinə məlumat verilmiş, nüfuzlu və yüksək tirajlı “Hürriyyət”, “Milliyyət”, “Zaman”, “Türkiyə”, “Ortadoğu”, “Radikal”, “Təqvim”, “Yeni Şəfəq”, “Sabah”, “Star” qəzetlərində geniş məqalələr, müsahibələr dərc olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səsvermə məntəqəsində çəkilmiş fotoşəkillərini də dərc edən qəzetlər xalqın əksəriyyətinin Konstitusiyaya dəyişiklikləri dəstəklədiyini xüsusi vurğulayır. Türk mətbuatı ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin jurnalistlərə müsahibəsini də şərh etmişdir.
Qəzetlərdə müxalifət partiyalarının referenduma münasibəti də əksini tapmış, onların səsvermə ilə bağlı iddialarının referendumun gedişini izləyən bitərəf xarici müşahidəçilər tərəfindən təsdiqlənmədiyi nəzərə çarpdırılmışdır.
Türk mətbuatı bu referendumda xalqın əksəriyyətinin Konstitusiya dəyişikliklərini dəstəkləməsini Prezident Heydər Əliyevə olan inamın əyani təzahürü kimi qiymətləndirir.
Ölkənin kütləvi informasiya vasitələri referendumla əlaqədar Mərkəzi Seçki Komissiyasının məlumatına da geniş yer ayırmış, dəyişiklik edilən maddələr haqqında şərhlər verərək, Konstitusiyaya dəyişiklikləri Avropa qanunvericiliyi və normalarına yaxınlaşma yolunda zəruri addım kimi dəyərləndirmişdir.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara