DÜNYA
Türkiyə Prezidenti qondarma “erməni soyqırımı” məsələsində Fransa Senatının ağıl və məntiqə uyğun qərar qəbul edəcəyinə ümidvar olduğunu bildirmişdir
Ankara, 20 dekabr (AZƏRTAC). Türkiyə Prezidenti Abdullah Gül qondarma “erməni soyqırımı”nı tanımayanların cəzalandırılması haqqında qanun layihəsinin Fransa Senatında müzakirə olunması ilə bağlı bəyanat yaymışdır.
Bəyanatda deyilir ki, qondarma “erməni soyqırımı”nı tanımayanların cəzalandırılması Türkiyəyə qarşı əsassız və haqsız ittihamların təkzib olunması kimi hüquqları məhdudlaşdırır. Biz inanırıq ki, Fransa ifadə azadlığına hörmətsizlik edən və obyektiv elmi araşdırmaları məhdudlaşdıran bir qanun layihəsi qəbul etməyəcəkdir.
Türkiyə Prezidenti qeyd etmişdir ki, bu cür qanun layihələrinin seçkilərdən sonra gündəmə gətirilməsi də qəribə və düşündürücüdür. Abdullah Gül demişdir: “Ümidvar olduğumu bildirmək istəyirəm ki, Fransa ağıl və məntiqə uyğun qərar qəbul edəcək və yüz illərlə davam edən Türkiyə-Fransa əlaqələrinə zərər verməyəcəkdir. Siyasi qurum olan parlamentdə bir ölkənin tarixi haqqında qərar qəbul etmək əslində tarixi siyasi məqsədlərlə təhrif etmək və bəsirətsizlik deməkdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara