CƏMİYYƏT
Türkiyənin hazırladığı vaksinin üçüncü faza sınağında iştirak etməyə dair iki ölkənin səhiyyə qurumları arasında iş aparılır
![Türkiyənin hazırladığı vaksinin üçüncü faza sınağında iştirak etməyə dair iki ölkənin səhiyyə qurumları arasında iş aparılır](/files/2022/1/1200x630/16443050443689512616_1200x630.jpg)
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlıq daşıyan əlaqələr qurulub və sürətlə inkişaf edir. Bu, səhiyyə sahəsində də öz bəhrəsini verir. Hər iki ölkənin səhiyyə qurumları arasında əməkdaşlıq çox sıx inkişaf edir. Bu da öz növbəsində bizim səhiyyəmizin inkişafına böyük töhfə verir. Azərbaycandan çoxlu sayda tələbə Türkiyədə təhsil alır. Belə sıx əməkdaşlıq ölkədə daha müasir səhiyyə texnologiyalarından istifadəyə şərait yaradır.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Z.Əliyev bildirib ki, hər iki ölkə arasında pandemiya dövründə də çox sıx əməkdaşlıq olub: "COVID-19 əleyhinə vaksinlərin gətirilməsində və ölkəmizin vaksinasiyaya erkən başlamasında da Türkiyə Cümhuriyyətinin böyük rolu olub. Vaksinlərin əldə edilməsində Türkiyədən də dəstək almışdıq. Türkiyə də koronavirus əleyhinə peyvənd hazırlayıb. Həmin vaksinin üçüncü faza sınağında iştirak etməyə dair iki ölkənin səhiyyə qurumları arasında iş aparılır.
Bundan əlavə, Ankara Universiteti ilə yeni layihələrimiz var və onun üzərində işləyirik. Azərbaycanda qazilərə psixoloji yardımın gücləndirilməsi istiqamətində müəyyən layihələr həyata keçirilir. Həmçinin bir neçə xəstəxanamızla Türkiyə xəstəxanaları arasında memorandumlar imzalanır. Bu da təcrübə mübadiləsinə böyük töhfə verəcək".