İQTİSADİYYAT
Türkiyənin nəqliyyat naziri Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi ilə maraqlanmışdır
Ankara, 31 may (AZƏRTAC). Türkiyənin nəqliyyat naziri Həbib Soluk Bakı-Tbilisi-Qars dəmiryolunun bu ölkədən keçən hissəsinin tikintisi davam edən sahədə olmuşdur.
Qars vilayətinin Məzra kəndi yaxınlığındakı inşaat sahəsini gəzən türkiyəli nazir bildirmişdir ki, dəmiryolunun Türkiyə hissəsində işlər 2012-ci ildə tamamlanacaqdır. Tunellərin tikintisi və infrastruktur işləri bitdikdən sonra, bu xətt istismara hazır olacaqdır. Almaniyada Azərbaycan və Gürcüstanın nazirləri ilə görüşdə də dəmiryolunun 2012-ci ildə hazır olacağı barədə razılıq əldə olunduğunu diqqətə çatdıran Həbib Soluk əlavə etmişdir ki, açılış mərasiminə 342 kvadratmetr sahədə inşa olunan logistik mərkəz də hazır olacaqdır. Bu mərkəz Pekin-Ədirnə-İslamabad dəmiryolu xətlərinin kəsişdiyi nöqtədə olacaqdır. Bundan başqa, hazırda Sivas şəhərinədək çəkilmiş sürətli qatar xətti də Qarsa qədər uzanacaqdır.
Həbib Soluk Qars-İğdır-Naxçıvan dəmiryolu layihəsinin də hazırlandığını diqqətə çatdıraraq, yaxın aylarda tender keçiriləcəyini demişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara