QAN YADDAŞI
TÜRKİYƏNİN QARS, İĞDIR VƏ ƏRDAHAN VİLAYƏTLƏRİNİN QHT-LƏRİ XOCALI FACİƏSİNİN SOYQIRIMI KİMİ TANINMASI ÜÇÜN BÖYÜK MİLLƏT MƏCLİSİNƏ MÜRACİƏT QƏBUL ETMİŞLƏR
MÜRACİƏTİ 300-Ə YAXIN QHT RƏHBƏRİ, BƏLƏDİYYƏ SƏDRİ VƏ VALİNİN ƏRAZİ NÜMAYƏNDƏSİ İMZALAMIŞDIR
AZƏRTAC xəbər verir ki, Türkiyənin Qars, İğdır və Ərdahan vilayətinin 300-ə yaxın qeyri-hökumət təşkilatı, habelə bələdiyyələr və valinin ərazi nümayəndələri Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) müraciət göndərmişlər. Fevralın 13-də müraciətin mətni Türkiyə parlamentinin rəhbərliyinə və qanunverici orqanda təmsil olunan siyasi partiyaların rəhbərlərinə təqdim olunmuşdur.
Azərbaycanın Qarsdakı baş konsulluğu Həsən Zeynalov demişdir ki, müraciətlə bağlı təklif fevralın 9-da konsulluqda Xocalı faciəsinə həsr olunmuş tədbirdə iştirak edən Qars, İğdır və Ərdəhan vilayətləri QHT-lərinin rəhbərləri, bələdiyyə sədrləri və valinin ərazi nümayəndələri (muxtarlar) tərəfindən irəli sürülmüşdür.
Müraciətdə ermənilərin müxtəlif vaxtlarda Azərbaycanda və Türkiyədə törətdikləri qanlı hadisələr, o cümlədən 1992-ci ilin fevralında Xocalıda həyata keçirilmiş qətliam haqqında məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, ermənilər Xocalıda dinc adamları qətlə yetirməklə kifayətlənməmiş, insanların başlarını kəsmiş, gözlərini oymuş, onları diri-diri yandırmış, meyitləri təhqir etmişlər. Bütün bunlar deməyə əsas verir ki, Xocalıda baş verənlər BMT-nin sənədlərinə əsasən soyqırımı faktıdır.
Sənəddə göstərilmişdir ki, Xocalı hadisələri zamanı 613 nəfər öldürülmüş, 1275 nəfər əsir götürülmüş, mindən çox adam yaralanmış, 150 nəfər isə itkin düşmüşdür.
Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, 1 milyondan çox azərbaycanlı öz vətənində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Bildirilmişdir ki, Xocalıda baş verənləri araşdırmaq üçün 1992-ci ilin fevralın 28-də bölgəyə göndərilmiş ATƏT-in nümayəndə heyəti öz qərarında ermənilərin beynəlxalq hüququn normalarını və ATƏT prinsiplərini pozduqlarını göstərmişdir. Bundan əlavə, BMT və ATƏT Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq hüquq normalarını pozduğuna görə Ermənistanı pisləmişdir. BMT-nin Təhlükəsizlik Şurası təcavüzkar Ermənistandan silahlı birləşmələrini işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarmaq barədə 4 qətnamə qəbul etmişdir.
Müraciəti imzalayanlar Türkiyə Böyük Mİllət Məclisindən xahiş etmişlər ki, 1992-ci ilin fevralında ermənilərin Xocalıda törətdikləri qanlı qırğını soyqırımı aktı kimi tanısın. Müraciətdə, həmçinin xahiş olunmuşdur ki, TBMM dünya dövlətlərinin parlamentlərini Azərbaycan türklərinin soyqırımını tanımağa və Ermənistana işğal altında saxladığı Azərbaycan torpaqlarından qoşun birləşmələrini çıxarmaq üçün təzyiq göstərməyə çağırsın.