SİYASƏT
UKRAYNANIN AZƏRBAYCANDAKI SƏFİRİLİYİNDƏ TƏŞKİL OLUNMUŞ MƏNTƏQƏDƏ SƏSVERMƏ BAŞA ÇATMIŞDIR
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Azərbaycandakı Ukrayna vətəndaşları ölkələrində keçirilən prezident seçkilərində iştirak etmişlər. Bu məqsədlə Ukraynanın Azərbaycandakı səfirliyində 3 saylı seçki məntəqəsi yaradılmışdır.
Məntəqə seçki komissiyasının sədri Mariya Saidova bildirmişdir ki, Bakı vaxtı ilə səhər saat 8.00-dan başlayan səsvermə axşam saat 20.00-da başa çatmışdır. Səsvermə hüququ olan 232 seçicinin 110-u bu prosesdə iştirak etmişdir. Səsvermə zamanı seçkilərin nəticələrinə təsir göstərəcək qanun pozuntusu qeydə alınmamışdır.
Komissiyanın sədri demişdir ki, bülletenlər hesablandıqdan sonra nəticələr ilkin olaraq elektron poçtla, daha sonra isə təyyarə ilə Ukraynanın Xarici İşlər Nazirliyinə göndəriləcəkdir.
Qeyd edək ki, Bakıda səsvermə prosesini prezidentliyə namizəd Viktor Yuşenkonun blokunu təmsil edən müşahidəçilər izləmişlər.
Yanvarın 17-də Ukraynada keçirilən seçkilərdə dövlət başçısı kürsüsü uğrunda 18 namizəd mübarizə aparır.