Ukraynanın Marqanes şəhərinə PUA hücumu nəticəsində 9 nəfər həlak olub
Kiyev, 23 aprel, AZƏRTAC
Ukraynanın Marqanes şəhəri pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb. Nəticədə çoxlu sayda insan həlak olub və yaralanıb.
Bu barədə AZƏRTAC Dnepropetrovsk vilayətinin başçısı Sergey Lısakın “Telegram” kanalına istinadla məlumat yayıb.
O qeyd edib: “Rusiya ordusu Marqanesə kamikadze pilotsuz uçan aparatla hücum edib. İlkin məlumata görə, 9 nəfər ölüb. Daha 30 nəfər yaralanıb”.
Sonradan məlum olduğu kimi, PUA ilə bir müəssisənin əməkdaşlarının olduğu avtobusa hücum edilib.
Marqanes Dnepropetrovsk vilayətinin Nikopol rayonunun eyniadlı şəhər icmasının inzibati mərkəzidir. Bu yaşayış məntəqəsi, həmçinin bölgənin ən çox əhalisi olan səkkizinci şəhəri, manqan filizlərinin çıxarılması və emalı mərkəzidir. Onun əhalisi 2023-cü ilə qədər 35 min nəfər idi.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev