SİYASƏT
Ukrinform öz saytında AzərTAc-ın Kiyevdəki xüsusi müxbirinin Respublika Gününə həsr olunmuş materialını yerləşdirmişdir
Bakı, 21 may (AZƏRTAC). Ukrayna Milli İnformasiya Agentliyi (Ukrinform) mayın 21-də öz saytında AZƏRTAC-ın Kiyevdəki xüsusi müxbiri Zeynal Ağazadənin “Azərbaycan Respublikası Günü - 28 may münasibətilə. Azərbaycan: kosmik üfüqlər və Ukrayna ilə tərəfdaşlıq” sərlövhəli materialını yerləşdirmişdir.
Azərbaycan jurnalistinin məqaləsi bu sözlərlə başlayır: “Məlum olduğu kimi, Ukraynanın da daxil olduğu dünyanın kosmik dövlətləri dəstəsi genişlənmişdir. Azərbaycan BMT-nin Kosmik məkandan dinc məqsədlərlə istifadə üzrə Komitəsinin (COPUOS) elmi-texniki alt komitəsinin daimi üzvü olmuşdur. Azərbaycanın COPUOS-a üzvlüyü haqqında qətnamə bu il yanvarın 12-də təsdiq edilmişdir və artıq bir neçə ay sonra Azərbaycanın ilk peykinin buraxılması planlaşdırılır. Bu, rəsmi Bakının kosmik proqramının həyata keçirilməsi yolundakı pillələrdən yalnız biridir”.
Materialda daha sonra deyilir ki, Kosmik sahənin mürəkkəb elmi-texniki sahələrdən biri olması faktını inkar edən çətin tapılar. Yalnız yaxşı elmi bazaya, texnoloji inkişafa və əlbəttə maliyyə imkanlarına malik olmaqla, bu sahədə sanballı nəticələr əldə etmək olar. Bu gün həqiqətən kosmik dövlətlər olan ölkələri barmaqla sadalamaq olar. Azərbaycan da bir neçə il əvvəl bu “seçilmişlər klubuna” daxil olmağı qarşısına məqsəd qoymuşdur.
.. Ölkə həmin hadisəyə ardıcıl və inadla yaxınlaşmışdır. Məsələn, 2007-ci ilin mayında Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azersat” layihəsi çərçivəsində “Inselsat”, “Eutelsat” və “Intersputnik” peyk şirkətləri ilə danışıqlara başlamışdır. Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci ildə respublikada kosmik sənayenin yaradılması haqqında Sərəncam imzalayanda milli peykin buraxılması planı real cizgilər almışdır.
Bu gün informasiya-kommunikasiya texnologiyalarının inkişafında dövlət planlarının uğurla həyata keçirilməsindən qətiyyətlə danışan Prezident İlham Əliyev əmindir ki, bu istiqamətdə irəliləyən nüfuz sahibi olacaqdır.
Materialda dünyanın aparıcı şirkətlərinin kosmik planın həyata keçirilməsi üçün Azərbaycana necə cəlb olunmasından söz açılır. Milli peykin işlənib hazırlanması üzrə qapalı tenderdə Rusiya, ABŞ və Fransadan beş şirkət iştirak etmişdir. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elan etdiyi müsabiqənin qalibi ABŞ-ın “Orbital Sciences Corporation” şirkəti olmuşdur. Onun laboratoriyalarında 174 peyk yaradılmışdır. Fransanın “Airanspace” şirkəti öz növbəsində, telekommunikasiya peykinin orbitə çıxarılması ilə məşğul olacaqdır.
Azərbaycanın “Azerspace” peyki rəqəmsal teleradioyayım, İnternet şəbəkəsindən istifadə, məlumatların ötürülməsi, VSAT multiservis şəbəkələrinin, habelə hökumət rabitəsinin yaradılması xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuşdur.
“Azerspace” peykinin buraxılması layihəsinin həyata keçirilməsi telekommunikasiya və rabitə sistemləri sahəsində yeni texnologiyaların tətbiqinə imkan verəcək, informasiya müstəqilliyini təmin edəcək, vahid informasiya məkanı yaratmağa xidmət edəcəkdir.
Məqalədə vurğulanır ki, Azərbaycan üç ildən sonra ikinci peyki buraxmağı planlaşdırır.
Bununla yanaşı, yeni sahənin yaradılması peşəkar kadrların hazırlanmasını tələb edir. Bu istiqamətdə Azərbaycana böyük dəstəyi onun strateji tərəfdaşı olan Ukrayna göstərə bilər. Demək olar ki, hər iki ölkə dövlətlərarası münasibətlərin yeni perspektivli əməkdaşlıq sahəsinə qədəm qoymuşlar.
Məqalənin yekun hissəsində vurğulanır ki, beləliklə, dünyanın iri neft ölkələrindən sayılan Azərbaycan məqsədyönlü şəkildə ulduzlara yol açır.
Məqalənin tam mətni ilə bu resursda tanış olmaq mümkündür: http://www.ukrinform.ua/rus/news