MƏDƏNİYYƏT
Ulu Öndərə həsr edilmiş kitabın təqdimatı keçirilmişdir
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 13-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair-publisist, AZƏRTAC-ın müxbiri Zərəngiz Dəmirçi Qayalının ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Əziz rəhbər” kitabının təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Təkan” Tələbə Gənclərin İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə Əməkdar Müəllim, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, şair Oqtay Rza yazıçı-publisistin jurnalistlik fəaliyyətindən və ədəbi mühitdəki mövqeyindən danışmışdır. Ulu Öndərin xatirəsinə həsr edilmiş yeni kitabın da ürəklərə yol tapacağını vurğulayan O. Rza müəllifə həsr etdiyi şeirini oxumuşdur.
Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova və bu qurumun şöbə müdiri Təranə Namazova “Poeziya evi” nəşriyyatında nəfis tərtibatla çapdan çıxmış “Əziz rəhbər” kitabındakı “Heydər baba, sən ellərin babasısan” şeirini ümummilli lider Heydər Əliyevin siyasi simasını əks etdirən ən yaxşı əsərlərdən biri kimi dəyərləndirmişlər.
Bildirilmişdir ki, kitabdakı “Əziz rəhbər” şeiri maraqla qarşılanmış və türk, rus, ingilis, ərəb, alman dillərinə tərcümə edilmişdir.
Bədii qiraət ustası, Əməkdar Artist Eldost Bayram ədibin yaradıcılığından nümunələr oxumuşdur.
Tədbirdə “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Hüseynova Zərəngiz Dəmirçi Qayalıya rəhbərlik etdiyi qurumun “Qızıl kitab” diplomunu təqdim etmişdir.
Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən müəllif gənclərin suallarını cavablandırmış və kitablarını öz imzası ilə tədbir iştirakçılarına hədiyyə etmişdir.