MƏDƏNİYYƏT
Ulu Öndərin doğum günü Şəkidə rəngarəng tədbirlərlə qeyd olunmuşdur
Şəki, 11 may (AZƏRTAC). Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Şəkidə rəngarəng tədbirlərlə qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, dahi rəhbərin doğum günü münasibətilə Şəkidə keçirilən ümumrayon tədbirinin iştirakçıları əvvəlcə Ulu Öndərin şəhər icra hakimiyyətinin binası qarşısındakı rəngbərəng güllərlə bəzədilmiş abidəsi önünə gül-çiçək düzmüş, dahi şəxsiyyətə sevgi və ehtiramlarını bildirmişlər.
Sonra bayram tədbiri şəhərin mərkəzindəki Azadlıq meydanında davam etdirilmişdir.
Çıxış edənlər bütün ömrünü xalqının tərəqqisi və firavanlığına, Azərbaycanın inkişafına həsr etmiş ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışmış, Ulu Öndərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirmişlər.
Tədbir iştirakçıları meydanda təşkil edilmiş gül sərgilərinə baxmış, şəhərdə fəaliyyət göstərən ali məktəb və kollec tələbələrinin Ulu Öndərə həsr etdikləri fləşmoba tamaşa etmiş, “Natiq Ritm” qrupu üzvlərinin hazırladıqları ritm kompozisiyasını izləmişlər.
Rəngbərəng güllərdən hazırlanmış kompozisiyalar, pannolar, şəkil və plakatlar tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.
Bayram tədbirində Şəki Musiqi Kollecinin xor kollektivi, həmçinin ümumtəhsil və uşaq musiqi məktəblərinin, uşaq bağçalarının kollektivləri rəngarəng konsert proqramı ilə çıxış etmişlər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş ümumrayon tədbiri axşam saatlarında Yay Teatrında “Natiq Ritm” qrupunun təqdim etdiyi maraqlı konsert proqramı ilə başa çatmışdır.