DÜNYA
Ümumdünya Bankının İnkişaf Komitəsi ən yoxsul ölkələrə yardımı gücləndirməyi təklif edir
Bakı, 23 aprel (AZƏRTAC). Ümumdünya Bankı İnkişaf Komitəsi ÜB-ni orta gəlirli ölkələrlə tərəfdaşlığın gücləndirilməsi və ən yoxsul ölkələrə yardım göstərilməsi sahəsində əlavə tədbirlər görməyə çağırmışdır.
ÜB-nin İnkişaf Komitəsinin rəsmi məlumatında deyilir: “Dünyada iqtisadi vəziyyət mürəkkəb olaraq qalır. Artan iqtisadiyyatı olan və inkişaf etməkdə olan ölkələrdə inkişaf kifayət qədər yüksəkdir, amma yoxsul ölkələrin əvvəlki kimi yenə də yardıma ehtiyacı vardır. Yoxsulluğun səviyyəsinin azaldılmasına və bərabər inkişafın təmin edilməsinə yönəldilmiş siyasi və struktur islahatlar davam etdirilməlidir”.
Komitənin üzvləri qeyd etmişlər ki, ərzaq məhsullarının daim dəyişən qiymətləri yoxsulluq, aclıq və uşaqlar arasında ölüm hallarının sayını azaltmağa mane olur, buna görə də qiymətlərin sabitləşdirilməsinə kömək edən tədbirlər görülməsini davam etdirmək lazımdır.
Sənəddə deyilir: “Biz həmçinin Ümumdünya Bankını orta gəlir səviyyəli ölkələrlə innovasiya və möhkəm tərəfdaşlıq əlaqələrini təmin etməyə çağırırıq”.
Komitənin üzvləri, həmçinin mütəşəkkil məsləhətləşmə və özəl bölməyə yardım sisteminin yaradılmasının zəruri olduğunu bildirmişlər.
Rəsmi məlumatda deyilir: “Biz Ümumdünya Bankının modernləşdirilməsi və onun səmərəliyinin artırılması sahəsində əldə edilmiş nailiyyətə sevinirik. Mədəni və təşkilatı dəyişikliklər edilməlidir və biz müvafiq təşəbbüslərin həyata keçirilməsində menecmenti tam dəstəkləyirik”.
İnkişaf Komitəsinin növbəti görüşü 2012-ci il oktyabrın 13-də Tokioda keçiriləcəkdir.