ELM VƏ TƏHSİL
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 85-Cİ İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ 3-CÜ ELMİ KONFRANS
AZƏRTAC xəbər verir ki, aprelin 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu ali məktəbin magistrlərinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr edilmiş ikigünlük 3-cü elmi konfransı işə başlamışdır.
İştirakçılar əvvəlcə universitetdə ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzmüş, əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov xalqımızın müdrik oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müasir müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və dünya ölkələri arasında tanınmasında tarixi xidmətlərini vurğulamışdır.
Ümummilli liderimizin elm və təhsilin inkişafına daim böyük önəm verdiyini, gənclərə xüsusi diqqət və qayğı göstərdiyini qeyd edən rektor dahi rəhbərimizin siyasətinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirmiş, dövlətimizin başçısının təhsillə bağlı Fərman və Sərəncamlarının əhəmiyyətini diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, konfransda 9 bölmə (riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, tarix, filologiya, pedaqogika, psixologiya) üzrə 200-dək məruzə dinləniləcəkdir.
Universitetin prorektoru, professor Vilayət Əliyev magistrlərin elmi-tədqiqat işlərinə diqqətin artırıldığını söyləmiş, tələbələrə tövsiyələrini vermiş, onlara yeni nailiyyətlər arzulamışdır.
Sonra bölmə iclaslarında məruzələr edilmişdir.