UNEC-in tələbələrinin missiyası paytaxtın beynəlxalq imicini formalaşdırmaqdır
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadiyyat fakültəsinin tələbələri ixtisas təcrübələrini davam etdirirlər.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitetin turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələr təcrübələrini Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosunda (MTTB) keçirlər.
MTTB-nin direktoru Fuad Nağıyev diqqətə çatdırıb ki, UNEC-in tələbələri büronun həyata keçirdiyi layihələrdə fəal iştirak edirlər. Novruz bayramı günlərində paytaxtın beynəlxalq imicinin formalaşdırılması, uzunmüddətli fəaliyyət planının hazırlanması, o cümlədən şəhər brendindən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi, rebrendinq və marketinq işlərinin əlaqələndirilməsinin tələbələrin əsas missiyası olduğu bildirilib.
UNEC-in təcrübənin təşkili şöbəsinin müdiri Natiq Qurbanov, təcrübə rəhbəri, sosial sferanın iqtisadiyyatı və idarə edilməsi kafedrasının müəllimi Yalçın Köçərli turizm fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə yeni, kreativ ideyaların yaranması və ölkəmizi tanıdan turizm məhsullarının təqdimatında Mədəniyyət və Turizm Nazirliyi ilə UNEC arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
UNEC-də iqtisadiyyat və əməyin iqtisadiyyatı üzrə təhsil alan tələbələr isə təcrübələrini SOCAR-ın Neft və Qaz Sənayesi İşçilərinin Respublika Həmkarlar İttifaqı Komitəsində davam etdirirlər. Təcrübə rəhbəri, UNEC-in distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev tələbələr üçün yaradılan şəraiti yüksək dəyərləndirib. Bildirilib ki, təcrübə zamanı tələbələr sığorta işinin təşkili, əməkhaqqının tənzimlənməsi və digər proseslərdə fəal iştirak edirlər.