İQTİSADİYYAT
“Valday” Klubunun saytında “Azərbaycan qazı: əməkdaşlıq, tərəfdaşlıq və dayanıqlı inkişaf” sərlövhəli məqalə dərc edilib
Moskva, 2 iyul, AZƏRTAC
“Valday” Beynəlxalq Diskussiya Klubunun saytında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Azərbaycan qazı: əməkdaşlıq, tərəfdaşlıq və dayanıqlı inkişaf” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, materialda Cənub Qaz Dəhlizinin 2020-ci ilin payızında tam istismara veriləcəyi qeyd olunur. Böyük potensiala malik olan bu dəhliz Avropanın enerji təhlükəsizliyinə və dayanıqlı inkişafına əhəmiyyətli töhfə verməyə qadirdir.
Müəllif yazır ki, 1994-cü ildə Azərbaycan beynəlxalq tərəfdaşları ilə “Əsrin müqaviləsi”ni imzaladıqdan sonra karbohidrogen ehtiyatlarını ixrac edən ölkəyə çevrilib. “Sonrakı hadisələr ümummilli lider, mərhum Prezident Heydər Əliyevin təşəbbüskarı olduğu, düşünülmüş enerji strategiyasının nəticəsi oldu. Bakı-Tbilisi-Ceyhan (2005-ci il) və Bakı-Tbilisi-Ərzurum (2006-cı il) neft kəmərləri Azərbaycanın enerji istehsal edən ölkə və ixracatçı kimi rolunu daha da yüksəltdi. Bu ölkənin adı, həmçinin enerji infrastrukturu sahəsində irimiqyaslı regional layihələrlə də bağlıdır. Azərbaycan 2,6 trilyon kubmetr qaz ehtiyatı ilə öyünə bilər. Belə ki, mövcud Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanın qaz ehtiyatlarının nəqli üçün kifayət etmədiyi dövrdə, 2013-cü ildə Cənub Qaz Dəhlizinin yaradılması ideyası meydana gəldi. 2013-cü ildə bu dəhlizin inkişafında daha bir mühüm hadisə baş verdi - layihənin yekun marşrutu barədə debatlar başa çatdı, nəticədə Azərbaycan Xəzər qazının ehtiyatlarının Avropaya nəqli üçün “Nabukko” layihəsinə rəqib olan Trans-Adriatik qaz kəmərini (TAP) üstün tutdu”, - deyə materialda bildirilir.
Müəllif vurğulayır ki, uzunluğu 3500 kilometr olan bu dəhliz dörd seqmentdən ibarətdir: “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi, Trans-Anadolu qaz kəməri və onun son hissəsi olan Trans-Adriatik qaz kəməri (TAP). Dəhliz yeddi ölkədən - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadan keçir. İtaliya həm də Xəzər qazının son qəbul məntəqəsidir. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi 2018-ci il mayın 29-da Bakıda təşkil olunub, Trans-Anadolu qaz kəmərinin ilkin fazası isə 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində baş tutub. Daha sonra, 2019-cu il noyabrın 30-da İpsalada (Türkiyə) Trans-Anadolu qaz kəmərinin növbəti fazasının təntənəli açılışı olub. Hazırda Türkiyə artıq Trans-Anadolu qaz kəməri vasitəsilə qaz idxal edir və 2020-ci ilin iyununadək 6 milyard kubmetr qaz alıb. Avropanın ildə 10 milyard kubmetr Azərbaycan qazı idxal edəcəyi gözlənilir və sınaq məqsədli ilk qaz həcmləri Albaniya ərazisinə çatıb.
Cənub Qaz Dəhlizinin 2020-ci ilin payızında tam istismara verilməsi planlaşdırılır. Bundan əvvəl ekologiya məsələləri ilə bağlı İtaliyanın cənubunda bəzi problemlərin əmələ gəlməsi, sonradan, 2018-ci ilin sonunda İtaliya hökuməti tərəfindən layihənin bütünlüklə təsdiqlənməsindən sonra bu problemlər aradan qaldırıldı. Bütün bunlara baxmayaraq, Trans-Adriatik qaz kəmərinin 96 faizdən çox hissəsinin tikintisi başa çatıb. Görünür, o vaxtdan hətta COVID-19-un ortaya çıxardığı problemlər belə Cənub Qaz Dəhlizinin uğurlarına mane ola bilməyib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva